Alban pasportu ilə həbs olunan iş adamı azərbaycanlı çıxdı –Axtarışda olan Röyanın dostu necə gizlənib? /FOTO

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan alban pasportlu iş adamı Dionis Şahollini həbs edib.

“Habertürk”ün məlumatına görə, saxlanılan şəxsin dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı hərəkətləri ilə bağlı polisə şikayətlər daxil olub.

Araşdırma zamanı o da məlum olub ki, Ş.Şahollinin üzərində Həmzət İsmayılovun adına Rusiya Federasiyası vətəndaşının pasportu olub. Məsələ bununla bitməyib: Türkiyə prokurorluğunun müəyyən etdiyi kimi, saxlanılan Dionis Şaholli əslində dələduzluqda təqsirləndirilən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Azad İsayev ola bilər.

Qeyd edək ki, bu şəxs barəsində istintaq İstanbul Bakırköy və Küçükçekmece rayon prokurorluqları tərəfindən aparılır. Küçükçekmece prokurorluğunda dindirilərkən o, dələduzluq ittihamlarını rədd edib, lakin Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

Küçükçekmece prokurorluğu tərəfindən saxlanılan şəxsin Rusiya pasportunun etibarlılığının yoxlanılması üçün bununla bağlı müvafiq sorğular göndərilib. Daha sonra o, Küçükçekmece Rayon Məhkəməsinə aparılıb və məhkəmə “Dionis Şaholli” barəsində həbs qətimkan tədbiri seçərək polis nəzarətinə verib.

Daha sonra iş adamı Bakırköy prokurorluğunda dindirilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Baxmayaraq ki, “Şaholli” istintaq orqanlarını bildirib ki, keçmiş məşuqəsi Aişə S.O.-dan aldığı borcu qaytarıb. Zərərçəkmişin şikayəti əsasında Bakırköy Rayon Məhkəməsi, hallar aydınlaşana qədər saxlanılan şəxsin həbs edilməsinə qərar verib.

Lakin daha əvvəl prokurorluqda və məhkəmədə dindirilərkən məlum olub ki, saxlanılan şəxsin əsl adı Azad İsayevdir və o, dələduzluqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. “Dionis Şaholli” bunu hər cür təkzib etsə də, eyni zamanda məhkəmədə etiraf edib ki, “uşaqlıqdan hamı ona Azad deyirdi”.

Prokurorluq əməkdaşları İnterpolun rəsmi saytında yerləşdirilmiş Azərbaycan vətəndaşı Azad İsayevin fotosunun “Dionis Şaholli”nin görünüşü ilə oxşarlığını məhkəməyə nümayiş etdirib. Bundan sonra Türkiyə prokurorluğu həbs edilən şəxsin barmaq izləri ilə birgə Azərbaycanın hüquq-mühafizə orqanlarına sorğu göndərib.

Azərbaycan mətbuatında bu adam ölkədə məşhur müğənni Röyanın dostu kimi tanınır. Xüsusən də sosial şəbəkələrdə onların birlikdə çəkilmiş onlarla fotosu yayılıb. 1984-cü il təvəllüdlü Azad İsayev Röya və digər azərbaycanlı ifaçıların ifasında bir neçə mahnının sözlərinin müəllifi kimi tanınır. Nərimanov rayon polis idarəsində İsayevə qarşı dələduzluqda külli miqdarda (2 milyon manat) ziyan vurmaq maddəsi ilə cinayət işi açılıb.

Azad İsayev 2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edib. 2013-cü ildə yerli internet saytlarında İsayevin İstanbulda “ağır qəzada öldüyü” barədə məlumatlar yayılıb.

Lakin bir neçə gün sonra İsayev Twitter-də onun ölümü ilə bağlı yayılan xəbərləri təkzib edərək, həqiqətən qəza keçirdiyini, lakin sağ qaldığını bildirib.

Azpost.info

Əvvəlki məqalə

Xəstəxanalarda sıxlığın aradan qaldırılması üçün “randevu” sistemi tətbiq ediləcək

Sonrakı məqalə

“Rusiya öz məqsədinə çatanda Ukraynada sülh bərqərar olacaq”