Jurnalist İtaliyada “Əli və Nino”nun müəllifinin qəbrini necə tapdı? –-FOTOLAR

 ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi, telejurnalist  Şəfəq Mehrəliyeva İtaliyada səfərdə olarkən məşhur azərbaycanlı yazıçı, “Əli və Nino” əsərinin müəllifi Qurban Səidin məzarını taparaq ziyarət edib. 
Jurnalist bu barədə təəssüratını Meta-da yazıb.
Azpost.info həmin yazını təqdim edir:
-Skuzi, çimiteri? Kome posso andare al çimiteri?
Qol-qanadı sınıq italyancamda bunu üç marketdən soruşandan sonra səyahət agentliyinin kiçik ofisinə girdim. Orada ağsaçlı qocaman əməkdaş mənə baxıb gülümsədi:
– Perke çimiteri? Forse spyacca? Cemetery is too soon, no?
-No, no, signore. No beach, I need to go to cemetery.
Əlimdən tutub küçəyə çıxardı və dağın başını göstərdi:
– See? Cemetery is there. But very very far.
-No problema. Vado. Grazie mille.
Mən bura çatmaq üçün 21 il əvvəl yola başlamışdım-onun kitabını ilk dəfə əlimə alanda, səhifələrdə kimliyimi tapanda, Vətənimi tanıyanda.
Bu yüksəkliyə dırmanış nə idi ki onun yanında?
Səhər tezdən 7-də çıxmışdım Neapoldan. Yolumu artıq bir neçə dəfə azmışdım. Ayaqla gedib limanı tapmağa çalışarkən çirkli və üfunətli küçələr məni o qədər çaşdırmışdır ki, ürəyimdə “sən Bakının nəinki qardaşı, heç dırnağı da ola bilməzsən” deyinərək gəmiyə gecikmişdim. Sonra qatar stansiyasını tapmağa çalışdım. Sizə bir məsləhət – Neapolda kişilərdən söz soruşmayın. Onsuzda ingiliscə başa düşmürlər. Gözlərini qıyıb üzünüzə baxıb “Solo?” soruşurlar. Tək olduğunuzu biləndən sonra italyanca sizi “bişirmək” üzrə hər iki sözündən bir “che bella” olan uzun monoloq başlayır.
Statsione di Napoli Çentraleyə çatanda məlumat pəncərəsində oturan oğlandan soruşdum: –Do you speak English?
-Yes, a little.
Əllərimi yuxarı qaldırıb “Şükr!” dedim. Güldü.
-Di dove sey? Where are you from?
-Azerbaijan.
-Che bella! You are so wonderful!
Bu “bella”-nı həzm etmək daha asan idi, çünki dərhal görünürdü ki, kompliment ölkəyə aid idi.
Sorrentoya bilet alıb platformaya yollandım. Qatarın tərpənməsinə hələ 20 dəqiqə qalırdı. Vaqonlarda heç kim yox idi. Əyləşdim. Amma Neapolun kriminogen hekayələri ağlımdan bir-bir keçdikcə “ehtiyatlı igid”lik edib yenidən platformaya qayıtdım. Səhər heç nə yeməmişdim. Kofe piştaxtası arxasında cavan oğlana sifariş verdim.
-Un caffè e una sfogliata, per favore.
Oğlan surətlə italyanca danışmağa başladı.
Az qala qıcıq şəkildə dedim:
-Non parlo italiano.
Satıcının üz cizgilərindən şübhələnib:
-Di dove sey?
-Kyrgyzystan.
-Oy, kak xoroşo! Toqda qovorite po russki?
-Koneçno. A vı otkuda?
-Iz Baku.
-Kardeşler!
Alunbekin (adı belə idi) bu sözü mənə sanki qanad verdi. Qatar tərpənənəcən onun yanında qalıb kofe ilə kruasanımı iştahla yedim. Türk dünyasından söhbət etdik. Qatara minəndə gördüm ki, bayaq bom-boş olan yer indi “tolkuçkaya” oxşayır. Ağız deyəni qulaq eşitmirdi.
Bir təhər özümə boş yer tapıb əyləşdim. Yanıma iki qız və bir oğlan oturdu. Qatar tərpəndikdən sonra başım pəncərədən sahili müşahidə etməyə qarışdı. Amma qulağım gürcü dilini aldı. Qarşımda oturan qızın boyunbağında Gürcüstan xəritəsi (işğala qədər) kulon kimi sallanırdı. Maskada idim. O da, gözlərimin içinə baxıb gülümsəyirdi. Yanındakı yaraşıqlı oğlana barəmdə gürcücə nə isə dedi. Mən, barmağımla onun kulonunu göstərdim və əllərimlə ürək işarəsi düzəltdim. Güldü. Gürcü və italyan dilindən başqa dil bilmirdi. Mən də, onları danışmırdım. Düşünürdüm ki, bu boyda təhsil alasan- buralarda bildiyin bir hərf olmasın. Oğlanın tərcüməçiliyi ilə məlum oldu ki, Nino Neapolda yaşayır. Gürcüstandan bura şəfqət bacısı kimi işləməyə köçüb.
-Bəs siz hara gedirsiniz?
-Positanoya.
-Çimərliyə?
-Xeyr. Qəbristanlığa.
-Niyə? Tez deyil hələ?
(deyəsən, bu, universal zarafatdır)
-Çünki orada “Əli və Nino”nu yazan Qurban Səid uyuyur.
-Vau. Bilmirdik. Ona kino da çəkilib, hə?
-Elədir. Özü də Ninonu…
-Hə, italyan aktrisası oynayır.
Biz, birimizə baxıb təsadüflərin sayından heyrətlənərək gülməyə başladıq.
Sorrentoda qatardan düşəndə Ninonun arxacınca düşdüm- aramızda italyan dilini bilən o idi. Positanoya 2 avroya avtobus bileti almağa kömək etdi. Bazar günü olduğundan səyahət edənlərin sayı çox idi. Avtobuslar tez-tez dolurdu. Hər 20 dəqiqdən bir gedirdilər. Mənim növbəm çatanda, bələdçi düz burnumun qarşısında qapıları bağlamaq istədi.
-What?
-No more seats, Signora. (istehza ilə) You wanna seat on the floor?
Cəld avtobusa atlandım. Mənzil başına cəmi bir saat qalırdı. Daha səbrim tükənmişdir.
İlan kimi qıvrılan Amalfi sahili yolunu avtobusla oturaraq gedəndə çalxalanırsan, o ki olsun, ayaqüstü. Avtobusdan Positanoda düşəndə halım qarışıq idi. Amma gözüm dağın başına tikildi. Bəlkə internetdə gördüyüm şəkil elə burada durarkən gözümə dəyər?
Çi fayda…
-Skuzi, çimiteri? Kome posso andare al çimiteri?
Qol-qanadı sınıq italyancamda bunu üç marketdən soruşandan sonra səyahət agentliyinin kiçik ofisinə girdim. Orada ağsaçlı qocaman əməkdaş mənə baxıb gülümsədi:
– Perke çimiteri? Forse spyacca? Cemetery is too soon, no?
-No, no, signore. No beach, I need to go to cemetery.
Əlimdən tutub küçəyə çıxardı və dağın başını göstərdi:
– See? Cemetery is there. But very very far.
-No problema. Vado. Grazie mille.
Mən bura çatmaq üçün 21 il əvvəl yola başlamışdım-onun kitabını ilk dəfə əlimə alanda, səhifələrdə kimliyimi tapanda, Vətənimi tanıyanda. Bu yüksəkliyə dırmanış nə idi ki onun yanında?
97-cidən sonra pilləkənlərin sayını çaşdım. Tək o təsəlli verirdi ki, hər şəhər qatını qalxandan sonra sevincli ürək döyüntüm bir az da artırdı. Birdən tindən başını duman bürüyən dağın zirvəsi göründü. Onun altında isə, Postano qəbristanlığının xaçları. Qapısına çatanda günorta saat bir idi. Əlimi darvazaya atdım- bağlı! İşarədə “Domenica 7:00-12:30, 17:30-19:30”, yəni bazar günü bu saatlarda açıqdır deyilirdi. Yarım saat gecikmişdim. Qəfəsdə quş kimi qəbristanlıq darvazasına çırpındm.
-Skuzi!Skuzi! harayladım. Heç kim cavab vermədi.
Dağın zirvəsindən aşağı düşüb günorta saat 4-ə dək şəhərdə vaxt keçirdim. Daha sonra böyük dırmanışa yenidən başladım. Bu dəfə daha hazrılqlı- su götürdüm, yaylıq aldım, təəssüf ki, çiçək tapmadım. Darvazaya yenidən çatanda 16:55 idi. Pilləkəndə oturub gözlərimi bağladım. Fikirlərim uçuşurdu:
-Mən gəldim. Mən, axır ki, sənin yanına gəldim, Əsəd Bəy. İndi bizi ancaq bu kiçik lənətə gəlmiş darvaza ayırır. Bəs, birdən içəri girib tapmasam? 21 ilin sonu bu mu olacaq? Gəldi Positanoya, məzarlığı fırlandı, tapmadı, getdi.
Qəbristanlığın divarına söykənib yuxuya getmişdim. Kiminsə çiynimə toxunduğunu hiss edib ayıldım.
-Skuzi, sinyora, sta bene?
Qəbristanlığın gözətçisi idi, darvazanı açmağa gəlmişdir.
Yerimdən sıçradım.
-Aprendo? Are you opening?
-Si.
-Do you know where I can find a grave with the turban?
-Ah, si. Assad bey, ha?
-Si, signore. Assad Bey.
-Seguimi. Come with me.
Dar çığırla bir az addımladıqdan sonra əlini uzatdı.
-E qui.
Məzarla üz-üzə qaldım. Ağlımda illərdir xəyalını qurduğum möhtəşəm səhnə, əslində, ucunda əmmamə olan dar bir daşdan ibarət idi. Hamıdan üzünü çevirib, küskün halda
suların üzərindən Kəbəyə boylanan bir məzar.
Sən niyə tək qalmısan, Əsəd Bəy? Axı sən daha sahibsiz deyilsən? Heç bilirsən sənin Vətənin necə möhtəşəmdir? O, bu günlərdə müstəqilliyinin daha bir məqamını qeyd edir. Mən, onun üçün gəmişən. Bu günü səninlə qeyd etməyə. Sən, daha qaçqın deyilsən. Heç mən də, qaçqın deyiləm. Biz, sənin səhifələr dolu yazdığın Şuşanı da qaytardıq. Sən, gərək daha burada qalmayasan…
Nə edəcəyimi bilmirdim. Yox, qoy bir düşünüm. Axı bizim də, dünyasını dəyişənlərlə bağlı bir mədəniyyətimiz var. Yaylığımı başıma saldım, Fatihə surəsini oxuyub salavat verdim, içməli sudan məzarına çilədim (kaş ki, yanımda gülab olsaydı), daşlarına sığal çəkdim. Gözüm məzarın üstündəki iki dəliyə sataşdı. Yaylığımı üstünə saldım. Qalsın. Səni sərin gecələrdə qoruyar. Mən, qayıdacam, Əsəd bəy. Biz, qayıdacayıq. Biz, bir gün qayıdıb səni evə aparacayıq.
Ayaqlarım məzardan uzaqlaşdıqca dönüb arxama baxırdım. Mənə, elə gəldi ki, məzar daşı genəldi, uzandı, daha əzəmətli göründü.
Bu il onun vəfatından 80 il ötür.
Evə qayıtmaq vaxtıdır.
Əsəd Bəy Vətənə gəlsin! Kəbəni buradan birgə seyr edək!
“-Məni daima sevəcəksənmi, Əli xan?
-Qiyamətədək, Nino.”
Biz, səni qiyamətədək sevəcəyik, Əsəd Bəy!
Inna Lillahi wa inna ilayhi raji’un!
P.S. Bu günlər İtaliyanın bütün bölgələrində yüzlərlə azərbaycanlı təhsil alır. Milli irsinizə sahib çıxın! Sanki bir əziz, doğma adamınızın məzarı oradadır. Semestrdə-ildə bir dəfə ziyarət edin, çiçək qoyun, dua edin.
Gokunun oradakı qohumuna tapşırdım ki, sizi gələndə qarşılayıb bələdçilik etsin.
Əvvəlki məqalə

“Avropa İttifaqı Putinə güzəştə getməyə hazırdır” –

Sonrakı məqalə

Bakıda 20 ton un aparan TIR yandı –