“Kino üçün pulun belə bölünməsi bizə hörmətsizlikdir…Bu bölgünü kim aparıb?” –Məşhur rejissor Hüseyn Mehdiyev

“2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 mln. maliyyə vəsaitinin bölgüsü milli kinomuzun və sənətçilərimizin potensialının inkişafına yönəlməyib”.
Azpost.info bildirir ki, bu sözləri  məşhur kinorejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi, Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu bölgünü aparanların məqsədlərində milli kinomuzdan başqa nə istəsəniz var.
Daha sonra H.Mehdiyev ayrılan pulları təqdim edib.
1. 3,0 mln. manat Türkiyə kinoşirkətinə – Qarabağla bağlı serialın çəkilişinə;
2. 1,5 mln. manat BMM-ə – H.Z.Tağıyev haqqında bədii filmin istehsalına;
3. 1,5 mln. manat “Azərbaycanfilm” k/s – sənədli filmlərin istehsalına;
4. 0,5 mln. manat təlimlər, müsabiqələr və s.
“Türkiyəyə və kinosuna, canım qurban.. Lap tutaq ki, onlar bizdən yaxşı və keyfiyyətli çəkəcəklər. Olsun… Amma sivil ölkələrdə dövlət hər hansı bir mövzu ilə bağlı xarici kino şirkətlərə sifariş verəndə onu, öz sənətçilərinin və istehsalçılarının zərəri hesabına etməməlidir və etmir də! Bu ki aksiomadır! Vallah, mənim bunu deməyim də ayıbdır… Görəsən nə qədər öz sənətçilərinə hömətsizlik edəsən ki, belə bir qərar verəsən…“-deyə kinorejissor narazılığını ifadə edib.
Onun sözlərinə görə, bu bölgü  bir daha göstərdi ki, kinomuzda heç nə dəyişməyib: “Azərbaycan milli kinosunun faciəsi davam edir, problemlər və suallar günü-gündən azalmaq əvəzinə, artır. Ən birinci və vacib sual isə budur: “Kinomuzu “idarə edən” kimdir?  Məmur? Siyasətçi? İqtisadçı? Maaliyyəçi? Sahibkar? Həvəskar? Yoxsa PEŞƏKAR?”
Əvvəlki məqalə

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub

Sonrakı məqalə

“Avropadakı etirazlar Qərbin absurd qərarlarının nəticəsidir”