Kreml Soçidə bu gün keçiriləcək görüş barədə məlumat yaydı

26 Noyabr 2021 - 08:55

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüş noyabrın 26-da Soçidə baş tutacaq. Görüş V.Putinin təşəbbüsü ilə reallaşacaq.

Bu barədə “TASS” agentliyi Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə ediləcək. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.

Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.