Külək Şabranda yanğının qarşısını almağa mane olur –Yanğın meşəlik əraziyə keçib (FHN)

Şabranda baş verən yanğın fikirləşmədən törədilib.

APA xəbər verir ki, bu barədə hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib.

Onun sözlərinə görə, külək yanğının qarşısını almağa mane olur:

“Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə səbəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir”,- deyə bildirilib.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda əkin sahəsində baş verən yanğınla bağlı məlumata yayıb.

FHN-dən verilən xəbərə görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.

Əlavə məlumat veriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.