Şəhidlərin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması və gələcək nəsillər arasında təbliğ olunması dövlətin aparıcı istiqamətlərindəndir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman Vətən övladlarının adlarının əbədiləşdirilməsi və xatirələrinin ehtiramla yad olunması Lənkəran şəhərində də prioritet məsələlərdən biridir.
Lənkəranın Boladı kəndində şəhid mayor İbadov Aqşin Nazim oğlunun yaşadığı ata ocağında xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyin açılışı olub. Muzeyin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Açılışda əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın valideynlərinə təşəkkür edib. Şəhidlərin ailə üzvlərini özlərini yalnız hiss etməmələri üçün cəmiyyətimizin əlindən gələni etdiyi diqqətə çatdırılıb.
Şəhidin atası Nazim İbadov övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına dövlətin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. Şəhid atası dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını və diqqətini hər zaman hiss etdiklərini söyləyib.
Sonra şəhid Aqşin İbadovun təhsil aldığı Boladi kənd 1 nömrəli tam orta məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda və şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Ev muzeyi ilə tanışlıqdan sonra şəhid Aqşin İbadovun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.