Lavrov-Mirzoyan danışıqları üç saat davam edib.
AzPost APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, yanvarın 21-də Moskvada baş tutan Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün bəzi detallarını açıqlayıb.
XİN rəsmisi qeyd edib ki, danışıqlarda hər şey kamera önündə müzakirə olunmayıb, söhbət üç saat davam edib.
“Bir çox məsələlər bağlı qapılar arxasında müzakirə olunub. Bu, tərəflər üçün xüsusi aktuallıq kəsb edən bir sıra məqamlar üzrə açıq danışıqlar olub”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Siyasi şərhçi Kənan Novruzov deyib ki, LAvrov-Mirzoyan görüşü Rusiya-Ermənistan münasibətləri kontekstində həm indiki vəziyyəti, həm də gələcəkdə baş verə biləcək prosesləri nəzərdən keçirmək baxımından çox əhəmiyyətlidir:
“Düşünürəm ki, hər iki tərəfin münasibətlərinin inkişafı baxımından bu görüş həlledici xarakter daşıyır. Çünki Ermənistanın ABŞ ilə tərəfdaşlıq haqqında saziş imzalaması və Avropa İttifaqına üzvlük məsələsi gündəmə gələndən sonra bu səfər aktual olub. Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri bu yaxınlarda belə bir bəyanat vermişdi ki, bugünkü görüş əvvəlcədən planlaşdırılmışdı. Baxmayaraq ki, açıqlamanı skeptik qarşılamışdım, amma indi şübhələrim daha da artdı. Görünür ki, bu görüş əvvəlcədən planlaşdırılmış olmayıb və Ermənistan tərəfi yalan bəyanatlar yayıb. Sadəcə olaraq, İrəvanda başa düşürdülər ki, Ermənistanın ABŞ və Avropa İttifaqı ilə yaxınlaşma cəhdləri, həmçinin bu məsələlərin gündəmə gətirilməsi müəyyən narahatlıq doğurub və tərəflər arasında gərginliyi azaltmaq üçün belə bir görüş lazımdır. İndi aydın görünür ki, bu, daha çox strateji maraqların toqquşması və mövqelərin yenidən müəyyənləşdirilməsi ilə bağlıdır”.
Lavrov-Mirzoyan görüşündə hər iki tərəfin maraqlarının toqquşduğu məqamlar müzakirə olunub
“Bu görüşdə Ermənistana birbaşa və ya dolayı yolla ciddi mesaj verilməsi ehtimalı yüksəkdir. Hərçənd fikrimcə, Rusiya-Ermənistan münasibətləri təqdim olunduğu qədər gərgin deyil. Siyasi bəyanatlar verilsə də, müəyyən addımlar atılsa da, tərəflər arasında iqtisadi əlaqələr və qarşılıqlı ticarət getdikcə artır. Bu isə şübhələr yaradır ki, əslində münasibətlər göründüyü qədər gərgin deyil. Ermənistan Rusiyanın ona təqdim etdiyi şanslardan sui-istifadə edir. Bu baxımdan Ermənistana, “Bizim təqdim etdiyimiz qırmızı xətlərdən kənara çıxmayın”, tipli xəbərdarlıq edilməsi mümkündür”.