Narkobaron Eskobarın hamıdan gizlənən qızı –Atası ona görə 2 milyon dolları peçdə niyə yandırıbmış? /FOTOLAR

Tarixin ən zəngin və səs-küylü narkobaronlarından olan Pablo Eskobarı tanımayan yəqin ki az olar. Həyatı film və kitablara mövzu olan bu ziddiyyətli kolumbiyalının sağlığında qurduğu “narkotik imperiyası”nın ünü dünyanın dörd bir yanına yayılmışdı.

Kiminə görə, o, zəmanəsinin “Robin Qud”u, kiminə görə isə sadəcə narkoticarətdən gələn nəhəng və “kirli” pulların sahibi idi. Pulun və şöhrətin gücünə arxalanaraq bəzən çox böyük qəddarlıqlara imza atan Eskobarın ən zəif nöqtəsi ailəsi, xüsusən də “balaca şahzadə” adlandırdığı yeganə qızı Manuella idi.

Xoşbəxt və təhlükəli uşaqlıq

Az qala bütün dünyanın axtardığı bu narkotacirin qızı olmaq heç də asan deyildi. Manuella bunun ağırlığını doğulduğu andan hiss etmişdi.

1984-cü ildə anası Viktoriya onu dünyaya gətirmək üçün Kolumbiyadan Panamaya getməli olmuşdu. Həmin vaxt vətənində qalmaq Eskobarın xanımı üçün böyük təhlükə idi. Balaca Manuella heç nəyin korluğunu çəkmirdi. O, dünyaya gələn gündən atasının ən sevimlisinə çevrilmişdi. Internetdə yayılan ailə fotolarından da Eskobarın qızına olan böyük məhəbbətini görmək mümkündür. Eskobar “balaca şahzadə”sinin hər istəyini yerinə yetirirdi. Hətta bu istəklər gerçəkliyə uyğun olmayanda belə. Eskobarın malikanəsində dünyanın hər yerindən gətirilmiş heyvanlardan – begemotlar, zürafələr, fillərdən ibarət xüsusi heyvanxana var idi. Bir dəfə Manuella ad günü üçün atasından tək buynuzlu at istəmişdi. Təbiətdə belə bir heyvanın olmaması Pablonu təşvişə salmadı. O, bəyaz bir atın başına buynuz, belinə saxta qanad taxdırtdı. Hər şey çox gerçək görünürdü və Manuella xoşbəxt idi. Mərasimdən sonra at dözməyərək ölmüş, bu qeyri-adi hədiyyənin ərsəyə gəlməsinə böyük pulların xərclənməsi Eskobarı qətiyyən narahat etməmişdi.

Hər düşən süd dişinə görə Eskobar qızına bir milyon dollar ödəyir və Manuellaya böyük bayram şənliklərinə bənzər ad günləri keçirirdi. Deyilənlərə görə, bir gün dağ fermasında gizlənən Eskobar Manuellanı soyuqdan qorumaq üçün səhərə qədər sobaya iki milyon dollar pul atmışdı. Məhz sevimli qızına görə Eskobar həbsxanadan qaçmış, bu da onun ölümünə səbəb olmuşdu.

Sürgündə keçən həyat

Pablo Eskobar 1993-cü il dekabrın 2-də polis təqibi zamanı həyatını itirir. Xanımı, oğlu Xuan Pablo və 8 yaşlı Manuella Kolumbiyadan Argentinaya qaçmalı olur. Argentina ailəni qəbul etməyə razılıq verən yeganə ölkə olur. Başqa heç bir ölkə Eskobar kimi beynəlxalq səviyyədə axtarılan cinayətkarın qohumlarına sığınacaq vermək istəmir. Eskobar ailəsinin sıxıntıları bununla bitmir. Manuellanı oxuduğu heç bir məktəbdə xoş qarşılmırlar. Bundan usanan ailə onun ad və soyadını dəyişməli olur. Artıq məktəbdə onu Xuana Manuella Marroken Santos kimi tanıyırlar.

Manuella sadə bir argentinalı kimi həyatını davam etdirir. Hər şey yenicə yoluna düşməyə başlayanda Eskobarın xanımı və oğlunun adı çirkli pulların “yuyulması” cinayətinə qarışır. Anası və qardaşının dəmir barmaqlıqlar arasına düşməsi ilə gözlərdən uzaq həyat yaşayan Manuellanın da kimliyi avtomatik olaraq gün üzünə çıxır. Medianın və atasının keçmiş düşmənlərindən uzaq qala bilmək üçün Manuella təhsilini evdə davam etdirməyə başlayır. Söhbət gəzirdi ki, atasının 20 milyard dollarlıq sərvətinin əsas varisi məhz Manuelladır. Eskobarın pullarının bir hissəsi Kolumbiya hakimiyyəti tərəfindən müsadirə edilsə də, ailəyə qalan məbləğ kifayət qədər böyük idi. Böyük pullar da özü ilə böyük problemlər də gətirmişdi. Xuan Pablo jurnalistlərə etiraf etmişdi ki, bacısı Manuella da, özü də atalarının düşmənlərinin bir gün onalrdan qisas alacağından qorxurlar.

38 yaşlı Manuella hazırda Argentinada gözlərdən uzaq həyat sürür və heç bir sosial şəbəkədən istifadə etmir. Bununla belə, şəbəkələrdə onun adına açılan xeyli saxta hesab görmək olar. Bəzi mənbələr Manuellanın Argentinadan ABŞ-a köçdüyünü, Şimali Karolina ştatında enerji şirkətində sıravi mühəndis kimi işlədiyini yazır. O, Eskobar ailəsinin qanunları “çeynəməyən” yeganə üzvüdür.

Manuelladan fərqli olaraq böyük qardaşı tamamilə başqa həyat tərzi keçirir. Pablo Xuan atası haqqında kitab yazıb, onun həyatından bəhs edən sənədli filmə çəkilib və “Escobar Henao” geyim brendini yaradıb. Onun kolleksiyasını atasının portretləri, silahları, pulları və başqa əşyaları bəzəyir…

Azpost.info

Əvvəlki məqalə

“Dağıstandakı iğtişaşlar bütün hökumətləri narahat etməlidir”

Sonrakı məqalə

İslam dini korrupsiya ilə mübarizədə hansı yolu göstərir? –