Mədəniyyət və İncəsənət Universitetinin yubileyinə həsr olunmuş konsert keçirilib

Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyinə həsr olunmuş “Bir əsrlik ömür” adlı konsert keçirilib.

Konsertdə millət vəkilləri, digər ali təhsil ocaqlarının rektorları, prorektorları, müxtəlif təşkilatların təmsilçiləri, tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyət və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bütün qonaqları salamlayıb və 2023-cü ilin ölkəmizlə yanaşı, Mədəniyyət və İncəsənət Universiteti üçün də əlamətdar olduğunu deyib. O, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli” adlandırılan 2023-cü ildə rəhbərlik etdiyi ali təhsil ocağının da 100 yaşının qeyd edilməsinin xoş və qürurverici təsadüf olduğunu vurğulayıb. Həmçinin, Prezident İlham Əliyevin ADMİU-nun 100 illik yubileyinin də qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını xatırladan rektor il boyunca hər iki əlamətdar tarixlə bağlı bir-birindən maraqlı tədbirlər keçirildiyini, “Bir əsrlik ömür” konsertinin də onlardan biri olduğunu əlavə edib.

Daha sonra Musiqi sənəti fakültəsinin hazırladığı konsert ADMİU-nun tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və baş dirijor: Respublika və Beynəlxalq müsabiqələr laureatı, ADMİU-nun baş müəllimi Mustafa Aşurov) ifası ilə başlayıb.

Konsertdə Xalq artistləri Simarə İmanova, Teyyub Aslanov, Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Zakir Əliyev, Ruzə İbişova, Fəridə Hüseynova, Əməkdar Mədəniyyət işçisi Samirə Əliyeva, ADMİU-nun magistrantları Cəlil Bəşirli, Vüqar Əbilov, ADMİU-nun baş müəllimi Fariz Baxşəliyev və “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova) ifasında bir-birindən gözəl musiqi nömrələri səsləndirilib.

Ruzə İBİŞOVA

Əməkdar artist,

Mədəniyyət və İncəsənət Univetsiteti muğam sənəti kafedrasının baş müəllimi,doktorant.

 

 

Əvvəlki məqalə

Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib

Sonrakı məqalə

Özbəkistan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib