Məşhur dublyaj rejissoru Arif Həbibi:“Səməndər Rzayevin səsini ilk dəfə mən yazmışam” (MÜSAHİBƏ)

Azərbaycanfilm” kinostudiyasının dublyaj redaksiyanın rəhbəri, tanınmış dublyaj rejissoru Arif Həbibi mədəniyyət qəzetinə müsahibəsində filmlərin səsləndirilməsi ilə bağlı maraqlı məqamları açıqlayıb.

 Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Dublyaj üzrə ali dərəcəli kinorejissordur.

Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə edib. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib. 1000-ə yaxın müxtəlif filmləri dublyaj edib. “Kral Lir”, “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Rezidentin səhvi”, “Əlahəzrətin adyutantı”, “Səyavuş”, “Qaraqulaq ağ Bim”, “Karnaval”, “İmam Əli”, “İudanın arvadı”, “Mənim üç bacım”, “Ağbəniz”, “Mauqli”, “Gəlinlərin qiyamı” bu sıradadır.

 Azpost.info müsahibəni oxucularına təqdim edir:

– Niyə məhz dublyaj rejissoru olmaq istədiniz, bu sənəti seçməyinizin səbəbi nədir?

– Bu sənətə 1967-ci ildə görkəmli teatr və kino xadimi Adil İsgəndərovun təkidi ilə gəlmişəm. Həmin vaxt “Mən ki gözəl deyildim” filmi çəkilirdi. Filmin rejissorlarından biri Ağarza Quliyev idi. Bizim də onunla ailəvi dostluğumuz vardı. Kinostudiyaya gedib Adil müəllimə Ağarza müəllimlə həmin filmdə işləmək istəyimi bildirdim. Dedi yox, filmin yaradıcı heyəti artıq təsdiqlənib. Səni dublyajda rejissor assistenti kimi işə götürəcəm. Orda üç-dörd ay işlə, sonra rejissor keçirdəcəm. Bu üç-dörd ay üç il dörd ay oldu. Bu illər ərzində mən görkəmli kino xadimlərindən Ağarza Quliyevin, Şamil Mahmudbəyovun, Əlisəttar Atakişiyevin, Yusif Yulduzun assistenti işlədim. Bu sənətkarlar film çəkmədikləri müddətdə öz xahişləri ilə dublyajda rejissor kimi çalışır, məvacib alırdılar. Heç yadımdan çıxmaz, dublyajda 6-7 ay işlədikdən sonra Adil İsgəndərovun yanına gedib xahiş etdim ki, məni rejissor ştatına keçirtsin. Adil müəllimsə cavabında “qada, mən səni onlara assistent verə bilərəm. Amma o cür sənətkarları sənə assistent verə bilmərəm” dedi. Haqlı sözə nə deyə bilərdim ki… Sağollaşıb otaqdan çıxdım. Görkəmli kino rejissorları ilə çalışmağım isə mənim həyatımda, yaradıcılığımda çox böyük rol oynadı.

– Yaradıcılığınızın ilkin mərhələsində hansı filmləri dublyaj etdiniz və onların səsləndirilməsinə münasibət necə oldu?

– Rejissor kimi ilk dəfə “Anam ərə gedir” adlı filmi 1970-ci ildə 27 yaşımda dublyaj etdim. Sonra isə dublyaj fəaliyyətim ardıcıllığını davam etdirdi. Aktyorları adətən özüm seçirdim. Xalq artistləri Leyla Bədirbəyli, Əminə Yusifqızı, Amaliya Pənahova, Məhluqə Sadıqova, Şahmar Ələkbərov, Məlik Dadaşov, əməkdar artistlərdən Həsən Əbluc, Səməndər Rzayev, Hamlet Xanızadə, Mirvari Novruzova və başqalarını dublyaja tez-tez çağırırdım. Dörd saatdan artıq studiyada işləmək ağır idi. Bəzən də təcili təhvil verəcəyimiz filmi bitirmək üçün studiyada səkkiz saat işləməli olurduq. Filmləri Moskvadan iki nüsxədə (səs-küy, mahnı, danışıqlar olan nüsxə əlavə olurdu) göndərirdilər. Baxmaq üçün başqa, hissələrə bölmək üçün başqa. Bir nüsxəyə baxırdıq, digərini isə mətnə görə müəyyən hissələrə bölüb dublyaj edirdik. Çox həvəslə işləyirdik. Dublyaj etdiyimiz filmlər də maraqla baxılırdı və sevilirdi.

– Hansı sənətkarların səsini dublyaja uyğun hesab edib bu sənətə cəlb etmisiniz?

– Səməndər Rzayevin səsini ilk dəfə “Kral Lir” filmində mən yazmışam. Rasim Balayevə kiçik bir rolu səsləndirəcəksən deyib məcburən studiyaya gətirdim, qismətdən də rol böyük alındı. Firəngiz Şərifovanın səsini ilk dəfə “Özbəkfilm” kinostudiyasının istehsalı olan “Gəlinlərin qiyamı” filmində yazdım. Adil müəllim filmə baxanda dedi ki, “elə bil filmi biz çəkmişik, gözəl alınıb”. Bir çox aktyorların adlarını çəkə bilərəm.

Səsini sevdiyim sənətkarlar çoxdur. İndi də görkəmli sənətkarlarla işlədiyimi xatırlayanda məni tər basır, həyəcanlanıram. Düşünürəm, axı mən onlara necə demişəm  ki, gəl səsini yazım. Həsənağa Salayev, Əli Zeynalov, Kamal Xudaverdiyev, Yusif Vəliyev, Hüseynağa Sadıqov, Əliabbas Qədirov və bir çox başqa tanınmış sənətkarlarla çalışmışam. Akademik Dram Teatrı ilə yanaşı, Gənc Tamaşaçılar Teatrından və Sumqayıt Dövlət Dram Teatrından da dublyaja aktyorlar çağırmışam.

– Dublyaj rejissorunun peşəkarlığının əsası nədədir?

– Dublyaj rejissoru ədəbiyyatı, doğma dilini yüksək səviyyədə bilməlidir, tərcümə mükəmməl olmalıdır, eyni zamanda o, aktyorların nəinki səhnədə, həyatda da xasiyyətini yaxşı bilməlidir. Mən aktyorları həyatda da müşahidə edirdim. Onların fərdi cəhətlərinə uyğun olan rolları seçib həvalə edirdim. Rol bölgüsü düzgün olmalıdır. Mən həmişə qarşıma məqsəd qoyurdum ki, dublyaj etdiyim filmi çəkən rejissorun yaradıcılığına xələl gətirməməliyəm. İşimi vicdanla görməliyəm.

– Dublyajın mahiyyəti nədən ibarətdir?

– Dublyaj sənəti olmasa, xarici filmləri tamlığı ilə anlamaq mümkün olmazdı. Dublyajdan əvvəl filmlərdə alt yazılardan istifadə olunurdu. Ancaq tamaşaçının fikri yazını oxumağa yönəldiyindən filmin mahiyyəti itirdi. Sonra diktor mətnindən istifadə etdilər. Bu da uğurlu alınmadığına görə dublyajın yaranmasına ehtiyac duyuldu. Çoxsəsli dublyaj isə kinonun mühüm bir qolu kimi qəbul edildi, sevildi.

– Dublyaj işi ilə bağlı müsabiqələr olurdumu, Azərbaycan dilində səsləndirilən filmləri digər ölkələrə aparırdınızmı?

– Bu bir dəfə olub. Moskvada respublikaların dublyaj olunmuş filmlərinin simpoziumu keçirilirdi. Hər respublika bir filmdən iki hissə gətirmişdi. Çünki vaxt yox idi. Filmə baxıb müzakirə edib, yekun rəy verirdilər. Mən dublyaj etdiyim “Kral Lir” filmini aparmışdım. Filmə baxdılar, yüksək rəy verdilər. Hətta Səməndər Rzayevin gənc aktyor olmasına belə inanmadılar.

– Sizə dublyaj rejissoru kimi film seçmək şansı verilirdimi?

– Biz dublyaj üçün film seçəndə əsasən tamaşaçıları nəzərə alırdıq ki, etik keyfiyyətlər üstün olsun. “Tacikfilm” kinostudiyasında “Rüstəm Zal haqqında əfsanə” adlı üçseriyalı film çəkilmişdi, özü də rus dilində şeirlə. Dublyaj etmək üçün Moskvadan göndərmişdilər. Filmin dublyajını mənə vermək istəmirdilər. Mən isə filmi dublyaj edə biləcəyimi israrla bildirib filmi almağa nail oldum. Mətni tərcümə etdirmək üçün bir neçə şairə verdim, amma alınmadı. Vaxt gedirdi filmin tərcüməsi isə ləngiyirdi. Dublyajda filmin istehsalata buraxılma müddəti 45 gün idi. Sonuncu gün filmin dublyaj olunmuş hazır nüsxəsi təhvil verilməli idi. Filmin mətnini Məmmədsadıq Allahverdiyevin  stolunun üstünə qoyub bildirdim ki, tərcümə işi alınmır. Soruşdu, yaxşı, indi bəs bunu kimə verəcəyik? Dedim heç kimə, özüm tərcümə edəcəm. Dedi bacararsan? Mən Tehranda, Təbrizdə ərəb əlifbası ilə nəşr olunan şeirlərimi ona göstərdim və inandırdım ki, bacaracam. Mətni evə gətirib tərcümə işinə başladım. Həsən Əbluc mənə çox kömək etdi, bu işdə onun əziyyəti daha çox oldu. Vəzni, qafiyələrini, fikir uyğunluğunu saxlamaq çox çətin idi. Bununla belə, tərcüməni və dublyajı bitirib filmi təhvil verdim. Adil İsgəndərov filmə baxmağa tanınmış yazıçılardan Vaqif Səmədoğlu, Əhmədağa Muğanlı, Fərman Kərimzadə ilə birgə gəlmişdi. Mən həyəcanımdan əsirdim. Filmə baxdıqdan sonra Adil müəllim film haqqında yüksək fikirlər söylədi. Hətta filmin dublyajını mənə vermək istəmədiklərinə görə narazılığını da bildirdi. Onu da əlavə etdi ki, (həmin illərdə Kinematoqrafiya Komitəsinin sədri olan) Məmməd Qurbanova zəng et, de ki, gəlib filmə baxsın. Məmməd Qurbanov gəldikdən sonra da Adil müəllim onunla birlikdə oturub 3 saatlıq filmə bir də baxdı. Məmməd Qurbanov soruşdu ki, bu filmi kim dublyaj edib. Adil İsgəndərov əli ilə məni göstərib, bu edib dedi. Məmməd müəllimin ikinci sualı bu oldu ki, buna nə (qonorarı nəzərdə tuturdu) vermisən? Adil müəllim cavab verdi ki, maaşdan əlavə ikiaylıq maaş da verəcəm. Məmməd müəllim isə, üç ay da biz komitədən verərik deyə əlavə etdi. Filmin səsləndirilməsinə məşhur aktyorları cəlb etməyimi isə xüsusilə qiymətləndirdilər.

Ümumiyyətlə, Adil müəllim peşəkar aktyorları dublyaja cəlb etməyimi çox bəyənirdi. Bir dəfə görkəmli sənətkar Ağasadıq Gəraybəylini yola salırdım. Kinostudiyanın həyətində Adil müəllimi gördük. O, maşının qarşısında dayanıb evinə getməyə hazırlaşırdı. Ümumiyyətlə, Adil müəllimin bir xasiyyəti vardı ki, evə gedəndə həmişə qapını açıb deyirdi ki, qada, evə gedirəm, kim o tərəfə gedirsə, apara bilərəm. Bizi görəndə, Ağasadıq müəllimə, “qada, xoş gördük, sən burda nağayrırsan?” dedi. Ağasadıq müəllim də gülərək bu balaca rejissor çağırıb deyə cavab verdi. Adil müəllim mənə tərəf dönərək “Yaxşı edirsən bala, düz edirsən belə sənətkarları dublyaja çağırırsan. Sənətimizi bunlar yaradıblar, bunlar inkişaf etdiriblər. Mən özüm də bunlara borcluyam, sən bunların istedadından çox istifadə elə” dedi.

– Aktyorlar dublyaj edəcəkləri roldan imtina edirdilərmi?

– Bir dəfə “Xəfiyyə” adlı xarici filmi dublyaj edirdik. Rollardan birini səsləndirməyi Həsən Məmmədova tapşırdım. Filmin iki hissəsini yazdıq. Növbəti hissəni yazmaq üçün digər aktyor studiyaya daxil olduqda Həsən hava almaq üçün studiyadan çıxdı. Bir qədər sonra assistent mənə yaxınlaşdı ki, Həsən Məmmədov ona aid olan hissəni səsləndirmədən çıxıb getdi. Dedim, necə yəni getdi, axı biz filmi bitirməliyik. Dedi, bilmirəm, heç nə demədən çıxıb getdi. Həsən Məmmədovun evi həmin vaxtlar kinostudiyaya yaxın idi. Evinə zəng etdim. Telefonu Həsən götürdü. Soruşdum niyə getmisən. Dedi, o nədi bandit rolunu vermisən mənə səsləndirim. Dedim, Həsən, mən sənə teatrda və yaxud kinoda bandit rolu verməmişəm ki. Bu səsdi, xarakteri doğru ifadə etmək lazımdır, mən də sənin səsini rola uyğun görmüşəm. Dur gəl studiyaya, səsləndirməni bitirək. Həsən razılaşıb gəldi və biz səsləndirməni tamamladıq.

– Elə olurdumu ki, aktyorun həyatdakı səsi ilə dublyajdakı səsində fərq olsun?

– Bizim dövrdə diktofonlar nadir hallarda tapılırdı. Əli Zeynalov özü mənə danışırdı ki, Leninqraddan diktofon almışam. Gün ərzində 3-4 saat pyes və yaxud şeir oxuyuram. Sonra səsimi dinləyib qüsurlarımı düzəldirəm. Əlbəttə, səsini rola və mətnə uyğun şəkildə nizamlayanlar olurdu. Səsin üzərində mütləq işləmək lazımdır.

Səs dəyişmək məharəti Şahmar Ələkbərovda, Hamlet Xanızadədə, Həsən Əblucda da vardı. Hamlet Xanızadənin səsində bir qədər xırıltı olurdu. Bir dəfə ona səsləndirmək üçün mülayim xarakterli rol vermişdim. Səsindəki xırıltı səsləndirməyə mane olurdu. Studiyaya keçib onu müşahidə etməyə başladım. Gördüm, o, mətni oxumaq üçün aşağı, monitora baxıb səsləndirmək üçünsə yuxarı baxır. Belə olduqda da hülqumu sıxılır, səsi xırıltılı gəlirdi. Mətni Hamletin qarşısında bir qədər yuxarı hissədə yerləşdirdim. Beləcə, xırıltı da yox oldu. Ümumiyyətlə, kənardan asan görünən dublyaj sənətinin sirləri, özəllikləri və incəlikləri çoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibbi sığortası olanlar həkimə bu qədər pul verə bilərlər –

Sonrakı məqalə

MSK bu seçki məntəqələrində nəticələri etibarsız elan etdi –