Məşhur uşaq pudrası qalmaqalı böyüyür-Johnson & Johnson xərçəng iddiasına görə milyardlarla təzminat ödəyəcək

ABŞ-ın uşaq məhsulları istehsalçısı Johnson & Johnson tərkibində talk olan məhsulların xərçəngə səbəb olduğu iddiaları ilə bağlı açılmış on minlərlə məhkəmə işini həll etmək üçün 5,5 milyard dollara qədər vəsait ayırmağı təklif edib.

Azpost.info xəbər verir ki, iddiaçılar şirkətin məşhur Johnson’s Baby Powder uşaq səpici tozunun yumurtalıq xərçəngi riskini artırdığını bildirirlər.

Məlumata görə, razılaşma ABŞ məhkəmələrində qalan təxminən 69 min iddianı əhatə edir. Şirkət ilk ödənişi 2027-ci ildə həyata keçirməyi planlaşdırır və bu məqsədlə təxminən 3 milyard dollar ayıracaq. Növbəti ödənişlərin isə 2028-ci ildən sonra həyata keçirilməsi nəzərdə tutulur.

İddiaçıların vəkilləri bildirirlər ki, razılaşmaya qoşulanların sayından asılı olaraq ümumi kompensasiya məbləği 7 milyard dolları da ötə bilər.

Razılaşmanın qüvvəyə minməsi üçün yumurtalıq xərçəngi ilə bağlı işlərdə iddiaçıların 95 faizini təmsil edən hüquq şirkətlərinin razılığı tələb olunur.

Şirkət ABŞ və Kanadada talk əsaslı uşaq səpicisinin satışını 2020-ci ildə dayandırıb. Məhsulun tərkibindəki talk 2023-cü ildən etibarən tamamilə qarğıdalı nişastası ilə əvəz edilib. Bununla belə, bəzi ölkələrdə köhnə tərkibli məhsulların satışının davam etdiyi bildirilir.

Qeyd edək ki, talk yataqları bəzən asbest yataqları ilə eyni ərazilərdə yerləşdiyindən, məhsulun təhlükəli qarışıqlarla çirklənə biləcəyi barədə uzun illərdir narahatlıqlar mövcuddur. Johnson & Johnson isə ittihamları rədd edərək məhsullarının təhlükəsiz olduğunu bildirir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.