Mehriban Əliyeva Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:

“Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.

Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.

Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.

O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.

Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmişdir.

Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.

Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm”.

Əvvəlki məqalə

Bakı danışıqlarda heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib

Sonrakı məqalə

“Qarabağ”-“Rakuv” oyununun biletləri satışa çıxarılıb