“Prezident İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur. Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyalarda hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır. Yəni, Laçindan Xankəndinə gedən yolda bizim tərəfdən Azərbaycanın, Ermənistan ərazisində də onların sərhəd məntəqəsi olmalıdır”.
Azpost.info bildirir ki, bu barədə REAL partiyasının sədr müavini Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, eyni yanaşma Zəngəzur yolunda da baş verməlidir: “Bu təklif əslində Ermənistana da sərf edir. Hətta, məncə, Ermənistanla da öncədən razılaşdırılıb. Çünki, bu təklif Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb. Zəngəzir yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasındadır. Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan boğazacan asılıdır”.
N.Cəfərli bildirib ki, Moskvanın hədəfi Laçın yolunan da, Zəngəzur yolunun da tək və yeganə sahibi olmaqdır: “Bu tək bizə, Ermənistana deyil, həm də Qərbə sərf etmir. Çünki Rusiyadan yan keçən yeni beynəlxalq logistik xəttlərə ehtiyac var. Bunlardan ən optimalı və gələcəkdə böyük potensiala malik Azərbaycan üzərindən keçən Şərq-Qərb-Şərq dəhlizidir. Bu dəhlizin əsas logistik mərkəzi Azərbaycan ola bilər”.
Siyasətçinin fikrincə, bunun üçün də bizim görəcəyimiz çox iş var: “Ölkadaxili tranzit tarifləri ilə bağlı yeni yanaşma olmalı, tariflər xeyli ucuzlaşdırılmalıdır. “Yaşıl Koridor” prinsipi genişləndirilməli, xarici investorlar və tranzit yükdaşıma sifarişçiləri üçün Azərbaycanın pis imici düzəlməlidir. Gömrük və Vergi qanunvericiliyi yumşadılmalı, sadələşdirilməli və korrupsiyadan təmizlənməlidir. Qonşu ölkələrlə vahid tranzit taarifləri anlaşması imzalanmalıdır”.