MSK sədri seçki qutusuna düz istiqamətdən baxmağa çağırdı:

“Birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız”
09 Fevral 2020 - 16:37

 “Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri həmçinin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verənlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək: “Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun ölçü götürüləcək. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən faizi görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

MSK sədri bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb. M.Pənahovun sözlərinə görə, Seçki Məcəlləsinə görə, daxil olan şikayətlərə dərhal baxılır: “Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur”.

O, həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib. MSK sədri deyib ki, bu məsələnin insanlarda maraq doğurmasının səbəbi anlaşılmazdır: “Siz qutuya düz istiqamətdən baxın, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsınız, ona görə də fərqli görünür”.

“Ölmüş şəxslərin yerinə səs verilməsi ilə bağlı faktlara toxunan MSK sədri bu faktları Mərkəzi Seçki Komissiyasına təqdim etməyə çağırıb.

MSK sədri bildirib ki, həmin şəxslərin adı MSK-ya təqdim edilməlidir: “Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə, qeyri-adi vəziyyət idi”. (APA)