“90 saylı orta məktəbdə baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı ilə məktəb rəhbəri ilə görüş keçirdik”.
Azpost.info bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova paylaşımında deyib.
“Hadisə baş verən sinifin sinif rəhbəri müəllimə Südabə Şükürova xanım hal-hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq) yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimənin qeyd etdiyi əsas məqamlar bunlardır: ” Hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti ilə bağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib”
G.Səfərova deyib ki, uşağın valideyni ilə dünən və bu gün telefon əlaqəsi yaradıb: “Onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi və uşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olub. Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib. Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirəsalmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi.
Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət verib.
İstənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Bu məqsədlə də ümid edirəm ki, həm uşaq müəssisələri, həm də valideynlər uşaqlara təhlükəsizlik qaydalarını bir daha aşılamalıdır.