İyunun 18-də Bakıda “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Xalq artisti Alim Qasımov festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Görkəmli xanəndə bildirib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb: “Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm”.
Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.
“Muğam aləmi” Beynəlxalq Musiqi Festivali ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Festival irimiqyaslı beynəlxalq mədəni tədbir olub, lad sistemlərinə əsaslanan unikal musiqi fenomeninin bütün təzahürlərini əhatə edir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrildi. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.
Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb və onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisinin beynəlxalq səhnəsində artıq parlayıblar.
“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.
Xalq artisti Mənsum İbrahimov təəssüratlarını AZƏRTAC ilə bölüşərək deyib ki, 44 günlük tarixi Zəfərimizdən sonra ilk dəfədir “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu festivalın muğam sənətimizin inkişafına böyük təkan verir: “Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük dəstəyi və qayğısı var. Qürurverici haldır ki, biz bu tədbirə Bakıda başlayır, Şuşada və digər bölgələrimizdə davam etdirəcəyik. Artıq Qarabağımızı azad etmişik. Oradan artıq güllə səsi yox, muğamımızın səsi gəlir. Bizim mədəniyyətimiz, musiqimiz inkişaf edir. Festival çərçivəsində iyunun 19-dan artıq Beynəlxalqa Muğam Müsabiqəsi başlayır və üç gün ərzində davam edəcək. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən olan ifaçılar bu müsabiqədə iştirak edəcəklər. Düşünürəm ki, bu, ölkəmizin həm turizmi, həm də mədəniyyətimizin inkişafı üçün çox vacibdir”.
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalını sənət adamları üçün böyük bir bayram hesab edən görkəmli tarzən, Xalq artisti Zamiq Əliyev deyib ki, Azərbaycan muğamının qorunması və təbliği son illərdə dünya miqyasında diqqət mərkəzində saxlanılan vacib məqamlardandır. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi bu musiqi ənənəsinə hopmuş böyük bədii dəyər və mədəniyyətlərarası potensialı sübut edir. Çox şadam ki, ölkəmizdə bu sənətə böyük və tükənməz sevgi var və muğam sənətinə xüsusi diqqət göstərilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əziyyətləri danılmazdır”.
Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.
İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Xan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. İyunun 19-da, həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürür.