“Nə istəyirlər, onu da edirlər…Əvəzi nə vaxtsa veriləcək” –QURBAN QURBANOV

“İstəyimiz çox idi, qalib gəlmək istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə təmsilçimiz 1:1 hesablı heç-heçə edərək, Konfrans Liqasının pley-off mərhələsinə yollanıb.

Oyunsonrası mətbuat konfransında 50 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Qələbə qazana, bacara bilərdik. Az qalmışdı. Ötən 14 oyuna azacıq toxunmaq istərdim. “Lex”lə oyundan bugünə kimi bütün matçlarımızda çox yaxşı mübarizə, Avropa təcrübəsi, inamlı oyun sərgilədik. Futbola maraq göstərən azərbaycanlılar tərəfindən maraqlı il oldu. Hər yerdə oyunlarımıza baxdılar. Ümumi futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm. Başda mən olmaqla, bütün komanda olaraq daim xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək. Nəticədən razı qalıb-qalmadıqlarını bilmirəm. Mən çox razı qaldım. İstirahət etməyə vaxtımız da yoxdur. Futbolçularım çox yorğundurlar. Məncə, bu il futbolçular futbolun dadını hiss elədilər. Bəlkə də, Azərbaycan futbolu üçün böyük təcrübə oldu”.

– Çox əsəbi göründünüz, xüsusən də, hakimliklə bağlı…
– Çox maraqlı epizod oldu. Bəlkə də, ofsayd var. Amma Yankoviçin ayağına vurmuşdular. Ofsaydı da göstərmirlər, xətt çəkilmir, onun üzərindən keçdilər. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. Bütün oyunlarda xətt qoyulursa, burada da edilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Fakt o epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonra qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərar nəticəyə təsir etdi.

– Davam etmək baxımından Konfrans Liqasına yollanmağı daha uyğun saymaq olar?
– Həmişə istəmişik ki, nə qədər imkanımız varsa, ondan yararlanaq. Əvvəlcə Çempionlar Liqasına düşmək istədik, alınmadı. Sonra Avropa Liqasında davam etmək üçün ilboyu çalışdıq. Əminəm ki, istənilən rəqibə qarşı yaxşı oynadıq. Vicdanla çalışmaq bizim borcumuzdur. Bunu edirik. Nəticə belə oldusa, bununla da razılaşmalıyıq. İnşallah, gələn il də avrokubok həyəcanı görəcəyik. Avropa Liqasında qalmaq üçün maksimum gücümüzü ortaya qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqib qarşısında əzilmədik, aciz qalmadıq. Əksinə, onların üstünə getməyə çalışdıq. Matçdan əvvəl düşünürdüm ki, böyükhesablı məğlubiyyət də ola bilər. Ancaq heç də pis getmədi, futbolçular çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək. Bəlkə hansısa anda bunun faydasını görəcəyik.

– Oyuna yaxşı başlasanız da qola yaxın “Frayburq” vəziyyəti bərabərləşdirdi və qol vurdu. Bunu nə ilə əlaqələndirirsiniz?
– “Frayburq”a çox üstünlük vermədik. Qarşımızdakı rəqibə real baxmalıyıq ki, rəqib hansı çempionatdan gəlib. Çox nadir hallarda hansısa komanda 90 dəqiqəni eyni tempdə keçirsin. Qarşımızda “böyük beşlik” ölkəsinin komandası idi. Heç nədən penalti oldu, qapımızda qol gördük.

– Medina ilk hissədə də kobudluqlara əl atmışdı. Fasilədə onunla bu barədə söhbətiniz olmadı?
– Hər oyundan sonra futbolçulara bu barədə xəbərdarlıq edirik. Bəhlul və Kevin o epizodlara görə daha diqqətli olmalıdır. Bu turnirdə sürət tam başqadır. Çempionatımızda belə sürət nadir hallarda olur. Əlbəttə ki, daha soyuqqanlı olmaq lazımdır. Oyundan əvvəl hamıya tapşırmışdım ki, aqressiv olmalıyıq. İlk dəqiqələrdəki aqressiyanı sona qədər davam etdirdik. Bundan razıyam.

– İki tur öncədən Konfrans Liqasına vəsiqəni təmin etməyinizin bu nəticələrə təsiri oldumu?
– Oyunlarımıza baxanda bizdə rahatlıq olmadı. Çalışdıq ki, sonrakı oyunlarda qalib gələk. Rəqiblər daha ciddi oldular, özlərini sığortaladılar.

Əvvəlki məqalə

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Sonrakı məqalə

Tramp prezidentliyə namizədliyini vermək istəyir