NASA eksperti Meksikada tapılan “yadplanetli mumiyalar”dan danışdı

NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən “yadplanetli mumiyaları”ndan danışıb.

“The New York Times”-ın məlumatına görə, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən “canlı”larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub. Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan “yadplanetlilər” haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. “Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək”, – deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də ufoloq Xayme Maussan Meksika parlamentində üçbarmaqlı əlləri və ayaqları olan mumiyalanmış “yadplanetlilər” adlandırdığı skletlər nümayiş etdirib. O, onların Perudakı Naska yaylasında aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu canlıların DNT-si insan DNT-sindən üçdəbir qədər fərqlənir ki, bu da onların Yerdən kənar mənşəyini sübut edir. O, həmçinin qeyd edib ki, onların min ildən çox yaşı var.

Maussan ilk dəfə deyil ki, Naska yaylasından mumiyalanmış üçbarmaqlı yadplanetlilər haqqında danışır. 2015-ci və 2017-ci illərdə də onun tapıntıları olub. Ekspertlərin fikrincə, onlar qədim dini ayinlər zamanı kəllə sümükləri deformasiyaya uğramış uşaqların qalıqlarıdır. Lakin bəziləri də həmin sümüklərin yadplanetlilərə aid olduğunu bildirirlər.

Əvvəlki məqalə

Azərbaycan bu il qeyri-neft məhsullarını ən çox hansı ölkələrə göndərib? –

Sonrakı məqalə

8 ayda mobil telefon rabitəsində 757 milyon manat gəlir əldə edilib