Naxçıvan Teatrında Qoqolun məşhur “Müfəttiş” əsəri oynanılıb –

Vasif Talıbov tamaşaya baxıb (FOTO)
02 Dekabr 2021 - 12:12

Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.

Əsər komediyanın klassik nümunəsidir. Çar Rusiyasının kiçik bir əyalət şəhərində imperiyanın iç üzünü açıb gülüş hədəfinə çevirən Qoqol tamahkar, tənbəl və bacarıqsız çar məmurlarını satira hədəfinə tutur.

Xalq artisti Kamran Quliyevin rejissoru olduğu tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssamı” Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” İmamqulu Əhmədovdur. Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, əməkdar artistlər Əli Əliyev, Behruz Haxverdiyev, Əbülfəz İmanov, Səməd Canbaxşıyev, aktyorlardan Zakir Fətəliyev, Zəminə Məmmədova, Ələsgər Quliyev, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Şölə Alışova, Uğur Nəsirli və Məmməd Mehdiyev yaratdıqları obrazlarla əsərin ideyasını tamaşaçıya dolğun çatdırıb.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivə təşəkkür edib: “Rejissor işi, aktyor seçimi və musiqi tərtibatı səhnə əsərinin uğurla təqdim olunmasına imkan verdi. Bu əsərin prototipi Cəlil Məmmədquluzadənin “Ölülər” və İsi Məlikzadənin “Qatarda” əsərlərində də vardır. Qoqolun “Müfəttiş” əsəri və əsərdəki obrazlar da “Ölülər” əsərindəki kimi ölməz və bütün dövrlər üçün aktualdırlar. Əsər yazıldığı dövrdə qadağan olunmuş, ancaq sonradan Peterburqda tamaşaya qoyulmuşdur. Tamaşadan sonra Qoqola verilən “Əsərdə nə üçün heç bir müsbət obraz yoxdur?”- sualına o, aydın və konkret cavab vermişdir: “Vardır! Bu, namuslu və alicənab şəxs – gülüşdür!”

“Teatr həyatı öyrədən məktəbdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, teatr, tamaşa hər zaman lazımdır.