Nazir müavini fermerlərin yalanının üstünü açdı:

“Subsidiya üçün yüksək rəqəm yazırlar, vergi üçün aşağı”
14 Sentyabr 2019 - 11:04

“Azərbaycanda fermerlərin Kənd Təsərrüfatı və Vergilər nazirliklərinə, Dövlət Statistika və Dövlət Gömrük komitələrinə verdikləri rəqəmlər bir-biri ilə uyğunluq təşkil etmir“.

Azpost.info bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O, bu barədə nazir Mikayıl Cabbarovun Vergilər Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri arasında 7 dəfəyə qədər fərqin olması ilə bağlı dediklərini şərh edərkən bildirib. S.Ələkbərovun sözlərinə görə, fərqin yaranmasının əsas səbəbkarı vergi ödəyiciləridir: “Kənd Təsərrüfatı Nazirliyinə yüksək rəqəmlər verirlər ki, oradan subsidiya, yardım alsınlar. Amma Vergilər Nazirliyinə hesabat verəndə aşağı rəqəmlər göstərirlər. Baxmayaraq ki, burada vergi yoxdur, sadəcə, vərdiş var. Dövlət Gömrük Komitəsinə isə başqa rəqəm göndərilir. Odur ki, şüurda dəyişiklik olmalıdır”.