“Neftçi” Keysuke Hondanın müqaviləsini rəsmiləşdirdi –

"Ayağı düşərli olsun!"
15 Mart 2021 - 17:14

Yaponiyalı yarımmüdafiəçi Keysuke Honda “Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib.

Apasport.az saytının məlumatına görə, imzalanma mərasimi “Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutub.

35 yaşlı ulduz futbolçunun Bakı təmsilçisi ilə sözləşmə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Tədbirdə klub prezidenti Kamran Quliyev və vitse-prezidenti Elnur Eyvazov da iştirak edib.

“Klubumuzun tarixində əlamətdar günlərdən biridir. Avropanın böyük klublarında oynamış dünya futbol ulduzunu heyətimizə qatırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev yeni transfer Keysuke Hondanın imzalanma mərasimindən sonra deyib.

Paytaxt klubunun rəhbəri yaponiyalı ulduz futbolçunun onlayn mətbuat konfransında fikirlərini bölüşüb: “Honda artıq “ağ-qara”lı formanı geyinəcək. Hondaya uğurlar arzulayıram. Onun simasında gələcəkdə bir çox məşhur futbolçuların “Neftçi”nin şərəfini qorumasını istərdik. Hazırda çempionatda liderik. Honda çempionluğa gedən yolda bizə dəstək olacaq. Ayağı düşərli olsun”.