“Neftçi” üzərində qələbələr bizə motivasiya verir” –Qurban Qurbanov

“Oyuna çox ciddi yanaşırdıq. “Neftçi” üzərində qazandığımız qələbələr bizə əlavə motivasiya verir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bəzi qol epizodlarından istifadə edə bilmədiklərinə görə futbolçularından narazı qalıb: “Qol epizodlarımız çox oldu. Ancaq oyunçularım buna qeyri-ciddi yanaşdılar. Buna görə onlardan narazı qaldım. İradımı paltardəyişmə otağında bildirdim. Məsələni müzakirə etdik. Lakin futbolçuları da başa düşürəm. Həm fiziki, həm psixoloji olaraq yorğundurlar. Amma belə məqamlarda hər şeyə tab gətirmək lazımdır”.

Məşqçinin sözlərinə görə, “Neftçi” ilə keçirilən hər matç təcrübə artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu komanda üzərində hər qalibiyyət bizə inam verir. Azarkeşlərimizin də dəstəyi bizim üçün vacibdir. Azarkeşləri stadionlara cəlb etmək üçün də gələcəkdə işlər görülməlidir. İnanıram ki, bu istəyimiz reallaşacaq”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Əvvəlki məqalə

“Bu bəyanat bir daha Fransanın sülhə mane olduğunu göstərir” –

Sonrakı məqalə

“Rusiya öz tarixinin çətin dövründədir, parçalamağa çalışırlar” –