Nizaməddin Şəmsizadə süni nəfəs aparatına qoşulub
Professor Nizaməddin Şəmsizadənin son vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yanvarın 23-ü saat 01:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Həkimlər ona sepsis diaqnozu qoyublar. Hazırda o, süni nəfəs aparatına qoşulub.
Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubada anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafıə edib.
1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvüdür. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib.
1991 –ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.