“Nizami, Müşfiq, Məhəmməd Əmin, -kitablar anbarda qalır, oxuyan yoxdur” –Şahbaz Xuduoğludan kədərli etiraflar

Azərbaycanın tanınmış kitab naşiri, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitab satışı və oxucu problemi ilə bağlı fikirlərini açıqlayıb. 
Azpost.info həmin yazını təqdim edir:
“Nəsib Nəsibli gördüyümdə sevindiyim adamdır. Lap əvvəldən belədir. Onun bir kitabını (“Azərbaycan Demokratik Respublikasının Xarici Siyasəti”) illər öncə nəşr etmişəm. O vaxt (və elə indi də) hesab edirdim ki, bu kitab cəmiyyətimizə fayda verər. 500 ədəd nəşr etmişdim. Öz qiyməti baha olsa da, 1-2 manata endirimə qoyurdum, bəlkə oxucuların imkanı yoxdur.
Üstündən illər ötdü, 211-lə başlayan nömrədən zəng gəldi, Nəsib bəy idi, nəşriyyata gəlirdi. “Azərbaycan Tarixi” yazıb, böyük bir kitabdır. Düşünün, qədim dövrdən ta bu günədək. Üstəlik, Türkiyədə yaşayan başqa dostu “Cənubi Azərbaycan 44 günlük Qarabağ savaşında”n kitab yazıb, onu da üstündə “hədiyyə” verdi ki, nəşr edək.
Nəşriyyada texniki işlər yekunlaşdı, indi nəşr etmək lazımdır. Kağızı, digər materialları alınmalıdır.
Nəsib Nəsiblinin əvvəlki kitabının acı taleyi ağlımdan çıxmır, elə bu məqamda 211 nömrəli telefondan yenə zəng gəldi. Və o zaman gerçək vəziyyəti deməyə məcbur oldum.
Mən hər zaman şikayət etməkdən qaçıram. Bizim cəmiyyət şikayət edəni, narazıları məhv etməyə hazırdır. Empatini də rüşvət və vəzifə bilirlər. Böyük bina ucaldar, milyonları xərclər, amma küçədə çörək pulu dilənən bir yazığı, keçiddə popkorn satanı vergiyə şikayət edər.
Yeri gəlmişkən, polisdə işləyən bir əmioğlu vağzalda limonsatan bir qadının vedrəsinə təpik vurduğuna görə bütün xeyir-şər əlaqələrimi kəsmişəm. Oğlunun toyuna dəvət göndərmişdi, zəng etdilər niyə gəlmirsən dedim adımdan pul yazdırmayın.
İki il öncə “Bütün əsərləri” seriyasında Mikayıl Müşfiq və Cəfər Cabbarlını nəşr etdik. Bu vaxta qədər, yəni iki ildə müvafiq olaraq 84, 60 kitab ədəd satılıb.
Səlcuqlar və Atabəylər tarixindən bəhs edən Əkbər Nəcəfin çox fundamental bir əsərini 300 ədəd nəşr etdik, 2013-cü ildə. Çox hissəsini hədiyyə etdim. Alan olmadı.
Məmməd Əmin Rəsulzadənin əsərlərini mən çox ürəklə nəşr etməkdə davam edirəm. Rəhmətlik Şirməmməd Hüseynov hazırlayırdı. Cəmi 300 ədəd, yaxud 500 ədəd nəşr edirdik, onun 100 ədədini özü götürüb paylayırdı. Bizə qalanı isə illərlə satırıq: Bitmir ki bitmir. Şirməmməd müəllimin qızı İncəsənət Universitetinə rəhbərlik etdi, indi Prezident Administrasiyasında mühüm bir vəzifə tutur, kiçik bir təşəbbüslə, bir zənglə, mədəniyyətimiz naminə olsa belə bu kitabların yayılmasına yardım edə bilməzmi? Bilər, amma etmir.
Şirməmməd Hüseynovdan sonra Nəsiman Yaqublunun hazırladığı kitabları nəşr edirəm. Məmməd Əmin Rəsulzadə, Nuru paşadan il boyu 5-10 kitab satırıq.
Ədalət Tahirzadənin “Meydan 4 il 4 ay” (1280 səhifə) kitabını cəmi 300 ədəd nəşr etdik. Onun 100 ədədini müəllif götürdü. İki ildi biz 32 ədəd kitab satmışıq. Kitabda bütün meydan hərəkatının təşkilatçı və iştirakçılarının tarixlə, faktla adları keçir.
Yaxud Nəsiman Yaqublunun böyük zəhmətlə hazırladığı “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” minlərlə sənədə istinadən etdiyi və on minlərlə şəxsin adı keçdiyi (o şəxslərin əksəriyyəti bu gün imkanlıdırlar) o kitab cəmi 10 ədəd satılıb.
Dünyanın böyük universitetlərində kitabları satılan (son kitabı London Universitetində nəşr olunub, qiyməti 160 dollar) Cəmil Həsənlinin “Azərbaycan sovet liberalizmi” kitabı cəmi 17 ədəd satılıb.
Rüstəm İbrahimbəyovun ilk dəfə ikicildliyini nəşr etdik, təqdimat da keçirdik, cəmi 20 ədəd kitab satılıb.
Bu il Nizami Gəncəvi ilidir, orta hesabla 50 Xəmsə satılıb, keçən il Nəsimi ili idi, “Məndə sığar iki cahan” kitabı 36 ədəd satılıb.
10 “Qarabağnamə”ni özündə toplayan “Qarabağnamələr” il boyu 40 ədəd satılıb.
Bu rəqəmlərdən sonra Nəsib Nəsiblini rəngi qapqara oldu. “Biz nə edirik, hara gedirik belə” – dedi. – Bu nə fəlakətdir. Mən də deyirəm bəlkə bu kitablar satılır deyə nəşr edirsən”.
Nəsib Nəsiblidən “sonuncu dəfə bizim müəlliflərdən kimi oxumusunuz?”- deyə soruşdum. “Heç kimi” deyir, bir az fikirləşib, “hə, yadıma düşdü, Qan Turalının nazik bir kitab vardı 2 il əvvəl, onu”.
“Arxivlərdə işləmisiniz, gedirsiz arxivlərə gedirsiniz?”-soruşuram. “Yox, amma fikrim var” deyir Nəsib bəy.
İndi başa düşdünüz niyə şikayət etmirəm. Çünki heç kim heç kimin kitabını oxumur. Kimə və nədən şikayət edim? Xalqdan şikayət etmək olmur, xalq oxumur (5-10 nəfəri istisna etməklə), amma kitabxanası olmayan universitetlərdən, 10 il ərzində ölkənin 70% kitabxanasını ləğv etmiş Mədəniyyət Nazirliyindən hara şikayət edək?
Öz həyatından, adından, tarixindən bəhs edən kitabları almayandan kimə şikayət edim!
Stiv Cobs öləndən sonra onun bioqrafiyası bir həftədə 379 000 ədəd satıldı. Kitabın hər birinin qiyməti $35.
Rafiq Tağı qətlə yetirildi, özü də yazdıqlarına görə, ailəsinə dəstək üçün kitablarının satışını təşkil etdik, milli kitab mükafatı təqdim olunan salonda, 19 ədəd kitab satıldı (bir ədəd 5 manat).
Orda millət vəkillərindən tutmuş jurnalistlər, muğənnilər, bir sözlə, ölkənin qaymaqları. Onların hər ikisinin ölümü eyni aya təsadüf edir, o üzdən müqayisə etdim.
Məhz o hadisədən sonra kitab niyə satılmır deyəndə deyirəm, “əla satılır!”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Putin Çinə gedəcək

Sonrakı məqalə

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü 1,5 saat davam edib