“O yol məktəb yoludur” – Yeni tikilən tədris ocaqları əsas hədəfdir

Elmin, mədəniyyətin inkişafını dövlətin təhsil sistemi ilə təmin edilir. “Cəmiyyətimizin inkişafı təhsildən başlanır”. Ulu öndər Heydər Əliyevin məşhur kəlamı bu gün dövlətimizin təhsil siyasətinin əsasında dayanır.

Ölkəmizdə yeni məktəblərin tikilişi, təmiri, infrastrukturunun yaxşılaşdırılması təhsil sistemində aparılan islahatların əsas prioritetlərindəndir.

Bunun nəticəsində ölkəmizdə  3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Bu məsələdə Prezident İlham Əliyevin xüsusi diqqəti və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə  gerçəkləşən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi misilsizdir.

Məktəblərin yeniləşməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Uşağın şəxsiyyət kimi formalaşması, təhsili və tərbiyəsi orta məktəbdən başlayır. Bu səbəbdən yeni məktəblərin tikintisi, yararsız vəziyyətə düşmüş məktəb binalarının təmiri vacib amil kimi baxılır. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, təhsil infrastrukturu yenilənmədən gənc nəslin intellektual inşkişafına nail olmaq mümkün deyil.

2003-cü ildə ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram”ına müvafiq olaraq, 2003-2007-ci illərdə ölkə üzrə 149 yeni məktəb binası tikilib, 408 məktəbin əsaslı təmiri aparılıb.

Təhsil infrasturkturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban Əliyevanın təşəbbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2003-2018-ci illər ərzində 3200-dən, son beş ildə 600-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilib.

Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında müxtəlif bölgələrdə modul tipli məktəblərin inşasını da qeyd etmək lazımdır. Bu gün respublikamızın ən ucqar bölgələrində quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir.

Azərbaycanın ərazi bütövlüyü təmin edilkdən sonra azad olunmuş torpaqlarda tədrisin təşkili əsas hədəflərdəndir.

2024-cü təqvim ilində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəsissələrində cari və əsaslı təmir həyata keçirilib, yeni binalar tikilib.

Ağdamda 8, Bərdədə 4, Füzuli və Tərtərdə isə hər birində 2 məktəbəqədər müəssisə cari təmir olunub.Hal-hazırda Ağdam və Füzulidə cari, Ağcabədidə isə əsaslı təmiri davam edən məktəbəqədər müəssisələr var. Eyni zamanda Xocavənddə Yeni Xocavənd bağçası üçün bu ildən cari təmir nəzərdə tutulub.

Bundan əlavə, bölgələrdə cari və əsaslı təmir edilən, həmçinin yeni tikilən məktəb binaları da az deyil. Ağdam rayonunda 129 saylı tam orta məktəb, Bərdə rayonunda Bərcivan kənd tam orta məktəb,Hacılar kənd ümumi orta məktəb, Bərdə rayon Uşaq gənclər idman şahmat məktəbi, Füzuli rayonunda Alıxanlı kənd tam orta məktəb, Tərtər rayonunda Borsunlu kənd tam orta məktəb, eləcə də 6 nömrəli tam orta məktəblərinin binalarında cari, Tərtər rayon Bəyimsarov kənd tam orta məktəb binasında isə əsaslı təmir işləri həyata keçirilib.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” çağırışına cavab olaraq 2004-cü ildən bəri ölkənin 4 min 500-dək məktəbinin 4 minə qədəri əsaslı təmir dilib, yenidən tikilib. Bunların 520-dən çox bilavasitə fondun layihəsi əsasında tikilib və yeniləşdirilib. Ötən dərs ilində ölkə məktəblilərinə daha 17 bina hədiyyə edən qurum Şamaxı rayonunun Göylər kəndində istifadəyə verilən məktəblə tikdidiyi təhsil ocaqlarının sayını 500-ə çatdırmışdı.

Laçının Suş, Şərurun Təzəkənd, Füzulinin Aşağı Alıxanlı, Beyləqanın Kəbirli, Sabir-abad Qalaqayın, İmişlinin Yalavac, Zaqa­talanın Muğan kənd orta məktəbləri də Heydər Əliyev Fondun çağırışına cavab olaraq yeniləşdirildikdən sonra bu dərs ilində qapılarını şagirdlərin üzünə açacaq.

Azərbaycanda təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilə­rinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Yeni tədris ilində ölkədə 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə, 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib. Yeni məktəblər laboratoriya, təlim, tibb otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası, zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəblərin həyətyanı ərazisində də abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Eləcə də işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Şuşa şəhərində 33 il­dən sonra ilk məktəb zəngi çalınacaq. Belə ki, buraya köçürülən ailələrin 113 övladı Şuşa şəhər 1 saylı tam orta məktəbdə yeni tədris ilinə başlayacaqlar. Yenidən qurulan məktəb 960 yerlik olmaqla, 5 bloklu və 3 mərtəbə­lidir. Müasir standartlara uyğun inşa edilən məktəb hər biri 24 şagird üçün nəzərdə tu­tulmaqla, 40 sinif otağından ibarətdir. Məktəbdə tədris 18 müəllimdən ibarət pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Şagirdlərin yaşayış yerlərindən məktəbə gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılıb.

Xankəndi şəhərində 624 yerlik məktəb binasında bu ildən tədris prosesinin başlanılması nəzərdə tutulub. Məktəb üçün ayrılan ərazidə 11 sinif otağı, laboratoriya, texnologiya, informatika, GÇQH kabinetləri, 137 nəfərlik akt zalı, idman zalı, kitabxana və yeməkxana ilə təchiz edilmiş məktəb binası təmir edilib, istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda 220 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 5-i məktəbə hazırlıq qrupudur.

Xocalı şəhəri 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəbdə STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa olunub. Hazırda 24 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 1 nəfər 1-ci sinifdə təhsil alacaq.

Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlik, Xocalı şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisələri lazımi infrastrukturla təchiz olunub.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş ərazilərdə isə 3 ümumi təhsil müəssisəsi – Zəngilan rayonunun Ağalı kəndində Ağalı kənd tam orta, Laçın şəhərində 2 nömrəli tam orta və Laçın rayonunun Zabux kəndində isə Zabux kənd Ədalət Məmmədov adına tam orta məktəbləri fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində Ağalı məktəbinin məktəbəhazırlıq qrupunda 12 uşağın, I-XI siniflərində 150 şagirdin, Laçın şəhər 2 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunda 9 uşağın, I-XI siniflərində 141 şagirdin, Zabux məktəbinin məktəbəhazırlıq qrupunda 4 uşağın, I-XI siniflərində isə 70 şagirdin təhsilə cəlb olunması nəzərdə tutulub.

İşğaldan azad olunmuş torpaqlarda 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçası və Laçın rayonu Zabux kənd körpələr evi-uşaq bağçası. Hazırda Ağalıdakı körpələr evi-uşaq bağçasında 39 uşaq, Zabuxdakı körpələr evi-uşaq bağçasında isə 21 uşaq təhsilə cəlb edilib.

Laçın rayonunun Sus kəndində isə yeni tədris ilindəki Sus kənd tam orta məktəbi və eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb. Hər iki müəssisədə təmir-tikinti işləri tam yekunlaşıb və sentyabrda qapılarını doğma şagirdlərinin üzünə açacaq.

Yeni tikilən məktəblər Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

“Britaniya Rusiya ilə müharibəyə cəlb olunmaq istəmir”

Sonrakı məqalə

Ən çox şikayət edilən sığorta şirkətləri