Ölkədə çay istehsalı artmır –Kənd təsərrüfatı ilə bağlı rəqəmlər açıqlandı

“Cari ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb”.

Azpost.info bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirəsi zamanı deyilib.

Altı ayda 411,8 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27,9 faiz artım deməkdir.

Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, iclasda icraçı qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq, qiymətləndirmə sahəsində izahat və qarşıda duran tapşırıqların uğurla həyata keçirilməsi məsələlərinə toxunulub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi və digər tədbirlərdən ibarət olub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Kənd Təsərrüfatı, İqtisadiyyat, Vergilər və Fövqəladə Hallar nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İngilis parlamenti Baş Nazirin təklifinə “yox” dedi –

Sonrakı məqalə

AŞPA -nın prezidenti Azərbaycana gəlir –