Ölkədə peşə təhsili nə vəd edir?

 Peşə seçimi hər bir insanın həyatında verdiyi vacib qərarlardan biridir. Bu seçimlə insan öz gələcək həyat leytmotivini müəyyənləşdirir. Çünki onun gələcəkdə həyatda tutacağı mövqe, karyera, gəliri bu seçimlə bağlıdır.

Müasir dövrdə texnologiyaların sürətlə inkişafı, iqtisadiyyatın dinamikası yerli və xarici əmək bazarındakı peşələrə ciddi təsir göstərir. Peşələr sürətlə dəyişir, bəzi peşələrə tələbat olmadığından onlar sıradan çıxır, yeni peşələr meydana gəlir. Əmək bazarında rəqabətqabilliyi qoruyub saxlaya bilmək, daim tələb olunan mütəxəssis olmaq üçün fasiləsiz öyrənmək, peşəkar bilik və bacarıqlara yiyələnmək, sosial səriştələri inkişaf etdirmək həyati zərurətə çevrilir. Bu mənada hər kəs peşə seçimi ilə bağlı qərar verməzdən əvvəl əmək bazarının tələbləri baxımından öz bilik və bacarıqlarını dəyərləndirməlidir.

Məktəb illəri şagirdlərin peşə seçimi üçün vacib dövr hesab edilir. Onlar bu dövrdə seçdikləri peşə haqqında qərar verirlər. Bu gün şagirdləri peşəyə hazırlamaq və iş həyatı ilə məktəb arasındakı əlaqələri sıxlaşdırmaq təhsilin qarşısında duran vəzifələrdən biridir.

Təhsil aldığı dövrdə bir çox şagirdlər adətən öz maraq, istək və qabiliyyətlərinin hansı peşə sahəsinə daha uyğun olduğunu bilmədən, peşələri tanımadan peşə seçimi ilə bağlı qərar verirlər. Əsaslandırılmış mövqeyə malik olmadıqlarından universitetə qəbul imtahanı verən şagirdlər qərarsız qalırlar. Burada yeniyetmə və gənclərə doğru, şüurlu, əsaslandırılmış qərar verməkdə köməkçi olmaq üçün valideynlər və pedaqoji heyət xüsusi rol oynayır.

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq təhsil sisteminin qarşısında mühüm vəzifə kimi qoyulur. Bu çağırışlar ümumi təhsil məktəblərində peşəyönümü işinin təşkilini, təhsilalanların peşə seçiminə istiqamətləndirilməsini aktuallaşdırır.

“Təhsil haqqında” Qanununa əsasən ümumi orta təhsilin məqsədləri sırasında təhsilalanlara öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək  fəaliyyətinə hazırlığını təmin etmək də yer alır ki, bu məqsədlərin realizəsi bilavasitə təhsil sistemində peşəyönümü işinin səmərəli təşkili ilə əlaqədardır.

Peşəyönümü xidmətinin vacibliyi “Peşə təhsili haqqında” qanunda da təsbit olunub. Eləcə də Nazirlər Kabinetinin 2020-ci il 12 may tarixli 167 nömrəli qərarı ilə “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi qaydası” təsdiq olunub. Burada da peşəyönümü xidmətinin məqsədləri və təşkili qaydaları, tam orta təhsil səviyyəsində peşə təmayüllü siniflərin təşkili məsələsi öz əksini tapıb.

2016-cı ildə Prezidentin Fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılıb.

Təhsil naziri Emin Əmrullayevun açıqlamasına görə,  peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı son dövrdə 30 faiz artıb. Nazirin sözlərinə görə, əvvəllər Azərbaycanda peşə təhsili bir növ dalan rolunu oynayırdı. İnsanlar peşə təhsili alırdılar, amma heç bir yerdə işlə təmin oluna bilmirdilər. İndi isə vəziyyət dəyişib. İndi insanlar yüksək peşə ixtisas təhsilində öz ixtisaslarına uyğun olaraq imtahan vermədən universitetə qəbul ola biləcəklər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və məzmununun artırılması üzrə bir çox işlər həyata keçirilib. 2026-cı ilin sonuna kimi peşə təhsilinə gələnlərin sayının 11 minə qədər artacağı gözlənilir. C.Kərəmov bildirib ki, bu da hazırkı qəbulla müqayisədə 50 faiz artım deməkdir: “Peşə təhsilinə gələnlərin 45 faizi Bakıda yerləşən peşə məktəblərinin, qalan faizləri isə rayonlardakı məktəblərinin payına düşür. Builki qəbul planı 10 faiz artıb”.

Onun sözlərinə görə, peşə təhsili ilk növbədə əmək bazarının tələblərini ödəməyə çalışır. Təhsilalanlar həyatını və karyerasını planlaşdırarkən nə istədiyini düzgün müəyyənləşdirməlidir. Hansı peşə təhsili müəssisəsində hansı ixtisas üzrə təhsil alacağına, gələcəkdə təhsilini universitetdə davam etdirmək istəyindən asılı olaraq qərar verəcək.

Son illərdə peşə təhsilinə artan marağı yüksək texniki peşə təhsili üçün böyük imkanlar yaradıb. Peşə məktəblərində yüksək texniki peşə təhsili verən ixtisaslar üzrə də hazırlıq aparılacaq.

Peşə ixtisasına sırf təcrübə sahəsində yiyələnilməsi üçün peşə təhsili müəssisələrində tədbirlər görülür. Bu məqsədlə peşə təhsili müəssisələri Azərbaycandakı dövlət və özəl müəssisələrlə əməkdaşlıq edir. Peşə təhsili müəssisələrinin tələbələri ya iş üçün şirkətlərə gedir, ya da təhsil müəssisəsinin emalatxanasında hər hansı sifarişin yerinə yetirilməsində iştirak edərək öyrənir. Qabaqcıl təhsil müəssisələri isə sifariş qəbul edərək həm gəlir əldə edir, həm də tələbələrini öyrədir.

Milli Məclisin deputatı Fatma Yıldırımın fikrincə, Azərbaycanda kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi kadr potensialına ehtiyac var. Bunun üçün peşə təhsilli gənclərin sayı artırılmalıdır. Peşə təhsilini aldıqdan sonra gənclər işlə təmin edilmir. Bunun üçün aidiyyəti işlər görülməli, işəgötürənlərlə görüşlər keçirilməlidir. “Peşə liseyin rəhbərləri bu məsələdə maraqlı tərəf kimi çıxış etməlidir. Azad edilmiş ərazilərdə də Böyük Qayıdışın reallaşması üçün gec-gündüz demədən işlər həyata keçirilir. Peşə təhsili gənclər bu işlərə öz töhfəsini verə bilər”.

Deputat Etibar Əliyevin fikrincə, bütün bacarıqların rüşeymi orta məktəbdə formalaşır. “Ancaq bizdə orta təhsildə təmayülləşmə prosesi tamamlanmadığı üçün uşaqların peşə təhsilinə hazırlığında problemlər yaranır.  E.Əliyev deyib ki, bir çox ölkələrdə orta təhsil pilləsində  şagirdlərdə hansısa sənətə meyllilik, həvəs oyadılır. “Təəssüf ki, bu gün bizim orta məktəblər belə bir platformada çıxış edə bilmirlər. Hətta 11 illik təhsil qalsa belə, istər “Təhsil haqqında” qanunda, istərsə də Dövlət strategiyasında ehtiva olunan təhsilin təmayülləşməsi prinsipi həyata keçirilməlidir. Əks təqdirdə bu cür qeyri-müəyyənliklərlə rastlaşmağa davam edəcəyik”.

Deputat Vüqar Bayramovun sözlərinə görə, kadrlara tələbat olsa da, onlara tələbatın ödənilməsi ilə bağlı çətinliklər mövcuddur. Belə ki, universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir. “Həmçinin digər çatışmazlıq ondan ibarətdir ki, onlar konkret peşə üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirmirlər”. V.Bayramov hesab edir ki, peşə təhsil sisteminə təkcə təhsil sisteminin bir elementi və ya problemi kimi baxmaq doğru deyil. Buna birmənalı şəkildə iqtisadiyyatın və sənayeləşmənin elementi kimi baxmaq lazımdır. Deputatın fikrincə, özəl sektorun peşə məktəblərini və liseylərini yaratmaq imkanları genişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən iş axtaran vətəndaşların peşə təhsilinə göndərilməsinə və təmin edilməsinə ehtiyac var. Eyni zamanda, ödəniş əsasında peşə ixtisası və peşə təhsili almaq istəyən həm şirkət, həm də vətəndaşların sayı çoxdur.

Ceyhun Kərəmovun açıqlamasına görə, əmək bazarının tələblərini nəzərə alaraq axşam qruplarının açılmasına şərait yaradılacaq: ” Tədrisin qiyabi yox, əyani formada təşkili nəzərdə tutulub. Daha çox texniki sahədə kadr hazırlığına üstünlük veriləcək. Yəni, qaynaqçı, elektrik və digər ixtisaslar olacaq”.

Peşə məktəblərinin bir problemi də maddi-texniki bazanın köhnələrək tam sıradan çıxması, peşə-ixtisas təhsili sistemində çalışanların əməkhaqqının əmək bazarında uyğun ixtisaslar üzrə əməkhaqqı səviyyəsindən xeyli aşağı olmasıdır.

Peşə təhsilinin səviyyəsi əmək bazarına gedən ən qısa yol sayılır.

Dövlətimiz yeni nəslin yüksək səviyyədə hazırlanmasına böyük əhəmiyyət verir və bunu cəmiyyətin gələcəyinin təmin edilməsinin əsas amillərindən biri sayır. Təlim-tərbiyənin mühüm tərkib hissələrindən biri olan peşəyönümü də bu sahələrdəndir. Peşəyönümü dövlət əhəmiyyətli işdir. Bu iş elə bir istiqamətə yönəldilir ki, onun müvəffəqiyyətlə həll edilməsi nəticə etibarilə dövlətin kadr hazırlığı siyasətinin həyata keçirilməsinə səbəb olur. Bu baxımdan da peşəyönümü işində dövlət maraqlarının olması və onun bu maraqlara uyğun şəkildə qurulması fəaliyyət prosesində əsaslanılan əsas prinsiplərdən birinə çevrilməlidir. Müəllimlər, tərbiyəçi və valideynlər bu məsələnin dövlətimiz və cəmiyyətimiz üçün nə dərəcədə vacib olduğunu bilməli, dövlət və cəmiyyətin tələblərini nəzərdən qaçırmamalıdırlar.

V.ABBAS

Yazı MEDİA-nın “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Sanki Heydər Əliyev qabaqcadan görürdü ki, Azərbaycan müstəqil dövlətə çevriləcək və bizə ordu lazım olacaq”