Siyasi partiyalar nə qədər pul xərcləyir? –45 manat ianə alan müxalifətçi sədr və “milyonçu" YAP

Azərbaycanda dövlət qeydiyyatına alınan 58 siyasi partiya fəaliyyət göstərir. Bugünədək onlardan yalnız 39-unun ötən il üzrə maliyyə hesabatı MSK-nın saytında yerləşdirilib. 

Azpost.info bildirir ki, siyasi partiyalar haqqında qanuna görə, hər il dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara maliyyə yardımı ayrılır. Bu yardımın göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat nəzərdə tutulmuşdu.

Qanuna görə, dövlət büdcəsindən ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür.

Hazırda ölkədə parlamentdə 11 siyasi partiya təmsil edilib. 125 yerlik Azərbaycan parlamentində 69 mandat hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Parlamentdə ikinci ən çox yer tutan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır. VHP-nin parlamentdə üç üzvü var. Ana Vətən, Demokratik İslahatlar, Azərbaycan Demokratik Maarifçilik, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi və Respublikaçı Alternativ partiyaları isə Milli Məclisdə bir nəfərlə təmsil olunur.

2021-ci ildə YAP-ın gəliri 13 milyon 156 min manat olub.  Partiya gəlirlərinin 84 faizi, yəni 11 milyon manatı üzvlük haqları hesabına formalaşıb.  YAP-ın hazırda 761 min nəfərə yaxın üzvü var. Partiyanın ötən il dövlət büdcəsindən əldə etdiyi vəsaitin həcmi isə 1 milyon 888 min manat həcmində olub.

2021-ci ildə partiyanın xərclərinin həcmi 10 milyon 649 min manat olub. Bu vəsaitin 90 faizə yaxını, yəni 9 milyon 195 min manatı siyasi partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. Bu istiqamətdəki xərclər 2020-ci illə müqayisədə 2 milyon manata yaxın artıb.

YAP-dan sonra parlamentdə ən çox üzvlə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının 2021-ci ildəki gəlirlərinin həcmi cəmi 256 min manat olub.  VHP-nin gəlirlərinin 100 faizi dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşıb. Partiyanın dövlət büdcəsindən başqa heç bir gəlirinin olduğunu göstərməyib.

Parlamentdə bir deputatla təmsil olunan Respublikaçı Alternativ (REAL) Partiyasının 2021-ci ildəki gəliri 206 min 328 manat olub. Partiya ötən il dövlət büdcəsindən 206 min 283 manat alıb. 45 manat isə partiyanın büdcəsinə ianə edilib. Ötən il partiyanın xərcləri 179 min 316 manat olub. Həmin vəsaitin 73 min manatı partiyanın saxlanmasına, 337 manatı ictimaiyyətlə əlaqələrə, 16 min manatı alt təşkilatlara sərf edilib. Partiya yekunda ili 27 min manat mənfəətlə başa vurub.

Müsavat Partiyasının 2021-ci ildəki gəliri 5 min 100 manat olub. Partiya həmin vəsaitin 4 min 300 manatını üzvlük haqqı, 800 manatını isə ianələr şəklində əldə edib. Hesabatını açıqlayan və parlamentdən kənar  digər partiyalar il ərzində heç bir gəlir əldə etməyiblər.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqının Rusiyaya qarşı 5-ci sanksiyalar paketində nələr var?

Sonrakı məqalə

Gecə klubunda partlayışda yaralananların vəziyyəti açıqlanıb –