Ölkəmizdə kino niyə qəliz məsələdir?  –Forumun mesajları

Azərbaycan kinosu 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxıb.

Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərib.

1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılımasına başlanılıb və həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edilib. Avqustun 2-si Kino Günü elan olunub.

Azərbaycan kino sənətinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir.

Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamı milli kino sənətinə yüksək diqqətin bariz nümunəsidir.

Bundan başqa, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb.

Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar Azərbaycan kinemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək.

Ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoyub.

Bütün bu inkişaf yolu ilə yanaşı Azərbaycan kino sənətinin bir sıra problemlər də mövcuddur.

Buna görə də, Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, birlikdə müzakirə etmək üçün kino cameəsi aprelin 20-də Heydər Əliyev Mərkəzinə toplaşmışdı. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri prolemləri qaldırdılar, gələcək strategiya barədə təkliflərini verdilər.

Toplantıda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulub.

Mədəniyyət naziri Adil Kərimlinin “çağırışlar platforması” adlandırdığı Forumun əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, perspektivləri müzakirə etmək, yeni inkişaf istiqamətlərini müəyyən etmək idi.

Nazir çıxışında bir sıra vacib məqamlara toxundu.

Bəlli oldu ki, dövlət kino sahəsin islahatlar üçün bir inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmağı hədəfləyib. Bura yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması əsas vektoru təşkil edir.  Hökumət hesab edir ki, dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət var.

Ad.Kərimli bu Forumu “məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi” adlandıraraq onu əsas ictimai dialoq formatı saydığını bildirib.

Forumda bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər səslənib.

Forumda kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələrin nəzərə alınmalı olduğu, tamaşaçının yerli filmlərə marağının artırılmasının necə tənzimlənməsi, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri, xarici sərmayenin kino sənayesinə cəlb olunması prinsipləri mövzularına toxunulub.

Kino rejissor Vaqif Mustafayevin fikrincə, milli filmlərimizlə bağlı problemlərin həllinə geniş spektrdə baxmaq lazımdır. Rejissor hesab edir ki, bu məsələdə ideologiyanın əhəmiyyəti böyükdür.

Onun sözlərinə görə, iİdeologiyanın mahiyyətini bilməliyik və bu, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival naminə ideologiyanı pozmamalıdırlar. Kino etik və estetik aləmimizi yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır.

Xalq artisti Rasim Balayev hesab edir ki, “Azərbaycanfilm” bir neçə illər dövlət dotasiyasında olmalıdır. Bu, kino özünün biznes müstəvisini qurana qədər vacibdir.

O, bugünkü gənclərin istedadını üzə çıxması üçün debüt sistemini bərpa etməyə çağırır. “Əvvəl debütləri ümid verən şəxslərə verirdilər. Debütü canlandırmaq lazımdır. Mütəxəssis məsələsi də əsasdır”.

R.Balayevin fikrincə, uzun illər SSRİ-nin mövcud olmuş kino idaretmə strukturu dağılıb gedib.

Xalq artistinin fikrincə, yeni nəsil gəlməlidir. R.Balayevin fikrincə, rejissor aktyoru hazırlaya bilər. “Amma əsas ssenari və rejissordur. Müsabiqə keçirilsin, heç olmasa ildə bir dəfə rejissor operator, ssenarist və ya lazım olsa prodüseri xaricə təhsilə göndərilsin”.

O, həmçinin kino prokatının mühüm olduğunu qeyd edib.

“Prokat məsələsi də ciddi problemdir. Bu gün kinoya xərc çəkilir və bunu da geri götürməlidir. Bu məsələ də bərpa olunsun ki, filmlər kinoteatrlarda nümayiş olunsun.

Biz dünya arenasına çıxmalıyıq. Dramaturq və rejissorlar ümumbəşəri filmlər çəkməlidir. Dramaturqlar yetişməlidir”.

Kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərovun fikrincə, kinematoqrafiyanın inkişafı üçün ardıcıl və istiqamətli bir yol getmək lazımdır. “Biz o yolun astanasındayıq. Milli kinomuzu yüksək səviyyəyə, dünya arenasına çıxartmaq üçün Azərbaycan kinosunda bir sıra işlər görülməli, kadr, texniki, istehsalat, maliyyələşdirmə, eləcə də təbliğat problemləri aradan qaldırılmalıdır”. Rejissor hesab edir ki, bizim üçün ən önəmli olan bu problemlərin hamısını geniş ictimaiyyətə təqdim edərək, çatışmazlıqların aradan qaldırılması istiqamətində yollar tapmaqdır.

Kinorejissor Ayaz Salayev hesab edir ki, müasir dövrdə kino istənilən xalqın əxlaqi dəyərlərini, mənəvi dəyərlərini formalaşması elementlərindən birinə çevrilib. Kino xalqın özünün, dövrünün dərkində və tarixdəki yerini anlamasında yardımçı olan vasitədir.

“Vacib məqamdır ki, bu mətni oxuyanlar burada söz yığınını görməsinlər. Kino milli mədəniyyətin tərkib hissəsi kimi insanları maarifləndirir, onlarda ölkəsinə qarşı məsuliyyət hissini oyadır. Kino xalqın tarixi təfəkkürünün formalaşmasında vacib rol oynayır”.

Onun sözlərinə görə, bu cür kinodan öz maliyyə xərclərini tələb etmək utopiyadır. Belə kino yalnız dövlət dəstəyilə mümkündür.

“Kinoya maliyyə dəstəyi göstərən şəxslər asan qazanc yolu axtarırlar. Kinoya gəlir mənbəyi kimi baxanlar ekranlarımızı dolduran ucuz komediyalara pul yatırırlar. Bu da publikanın əxlaqi sağlamlığına zərbə vurur. Festival şöhrəti axtaranlar da asan yola əl ataraq adi sosial problemləri işıqlandırır. Lakin nə birincilər, nə də ikincilər kinonu milli mədəniyyətinin bir hissəsi edə bilməz”.

A.Salayev hesab edir ki, Azərbaycanda yeni cəmiyyət yaranıb və məhz kino onu dünyaya laiqincə təqdim edə bilər.

Həmçinin kinonun daha bir vacib funksiyası da var. Kino reallığı əks etdirir və bununla da gələcək üçün qiymətsiz material yaradır.

A.Salayevin fikrincə, gəncləri dünyanın məşhur kino məktəblərinə yollamaq, mötəbər beynəlxalq kinofestivallar təsis etmək, işıq üzü görən filmlərin sayını artımaq lazımdır.

Rejissor qeyd edib ki, müstəqillik dönəmində çəkilən filmlər dünyaya çıxıb. Bu mənada, bizdə ciddi bir deqradasiya görmürəm: “Mən həm kinomuzun, həm ədəbiyyatımızın bir mənfi cəhətini qeyd etmək istərdim: ciddi müqavimət göstərə bilən, özlərini cəmiyyətdə təsdiq edə bilən qəhrəmanların olmaması. Ən gözəl əsərlərdə belə qəhrəmanlar yazıq, əksər hallarda aldadılmış, nəyinsə qurbanı kimi göstərilir. Nədənsə, milli kinomuzda da sənətkar öz missiyasını yalnız yazıq adamın dərdinə şərik çıxmaq kimi qavrayır”.

Kino tənqiçi Sevda Sultanova hesab edir ki, vacib məsələlərdən biri dövlət sifarişi əsasında çəkilən filmlərlə bağlı mexanizmin formalaşmasıdır. Yəni “dövlət sifarişi” anlayışının hüquqi aktlarda konkret təsbit olunmaması, sifarişin çərçivəsinin, istiqamətlərinin müəyyənləşdirilməməsi  problemlərə yol açır.

“Ötən illərin təcrübəsi göstərir ki, sifariş olunan filmin hansı meyarlarla seçilməsi, kimlər tərəfindən qiymətləndirilməsi, bununla bağlı hər hansı tender, yaxud müsabiqənin elan edilməməsi nəticəsində ortaya keyfiyyətsiz məhsul çıxıb”.

S.Sultanovanın sözlərinə görə, kinomuzun vacib problemlərindən biri də Qarabağ mövzusunun ekran həllidir. Nazirliyin sifarişi ilə İkinci Qarabağ müharibəsindən, Qələbə ilə bağlı hələ də tammetrajlı bədii film çəkilməyib. Qarabağla bağlı son dərəcə maraqlı, orijinal real hekayələr var. Mövzu üzrə keyfiyyətli, gerçəklik duyğusuna, müəlliflərin emosional təcrübələrinə, yaşantılarına əsaslanan ssenari bazasının müsabiqə yolu ilə yaradılması zəruridir. Nəticədə bu, hekayələrin uğurlu ekranlaşmasına yol aça bilər.

“Təəssüf ki, müasir kinematoqrafiyamızın problemləri çoxdur: dublyaj, prodüser  sistemindən tutmuş uşaq kinosunun, animasiyanın itirilməsi təhlükəsinə qədər. Yazımda isə problemlərin çox az qismini dedim”.

Dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb. 125 illik zəngin və keşməkeşli yol keçərək böyük bir irs buraxıb. Əsası 1923-cü ildə qoyulmuş Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin inkişaf etməsi üçün geniş zəmin yaradıb.

Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib.

Bu baxımdan Forumda qaldırılan məsələlər kinomuzun gələcək inkişaf strategiyası üçün mühüm mesajlar verdi.

R.VAHİDQIZI

Yazı MEDİA Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

 

 

Əvvəlki məqalə

“Rusiya zamanla dollar və avrodan tamamilə imtina edəcək”

Sonrakı məqalə

“Peskovun oğlu əməliyyatda başqa adla iştirak edib”