“Onun arxasında duranlar başa düşdü ki…” –Ceyhun Bayramov Vardanyandan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın “vəzifə”sindən azad olunmasına münasibət bildirib.

Nazir bu gün jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır.

“Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin ictimai, siyasi və iqtisadi səviyyədə Azərbaycan cəmiyyətinə inteqrasiya işlərinə başlamağa hazır olduğunu bəyan etmişik. Eyni zamanda, Azərbaycanın suverenliyi əsasında bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Kənardan gələrək kimlərinsə oyununu oynayan, Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur”, – XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman bunun Azərbaycan Konstitusiyasına və onun tərəfdar olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcəyi dəfələrlə deyilib: “Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb”.

Əvvəlki məqalə

Ukrayna polisindən qəfil əməliyyat –

Sonrakı məqalə

Prokuroru hamam fotoları ilə şantaj edən dəstə üzvlərinə 50 il həbs tələb olunub