2023-cü ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29,5 milyard ABŞ dolları ekvivalentində olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda deyilir.
Nağdsız valyuta əməliyyatlarının 79 faizi ABŞ dollarında, 21 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 21 faizi banklararası valyuta bazarında (BVB), 79 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat ilində BVB-də əməliyyatların həcmi 6,2 milyard ABŞ dolları (ARDNF-nin və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98 faizi ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
Hesabat ilində banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarındakı proseslərə çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa şərait yaradan Blumberqin “BMatch” platforması aktivləşdirilib.
BDVB-də valyuta əməliyyatlarının həcmi 23,3 milyard ABŞ dolları ekvivalentində olub ki, bunun da 74 faizini ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93,8 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3,8 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,9 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Son illər ərzində ilk dəfə 2023-cü ildə bankların xarici valyuta alışları satışlarını üstələyib. Nəticədə xalis satış neqativ zonada qərarlaşıb.