“Qarabağ nizamlanmasında qeyri-müəyyənlik davam edəcək”.
Azpost.info bildirir ki, bu barədə politoloq Zaur İbrahimli Azərbaycan və Ermənistan XİN başçılarının Qarabağ nizamlanması çərçivəsində aparılan danışıqların perspektivi barədə müzakirələri şərh edərkən deyib.
Z.İbrahimlinin sözlərinə görə, əslində Qarabağ nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşləri və Minsk Qrupu həmsədrləri ilə müzakirələri danışıqlar, yox təmaslar adlandırsaq daha düzgün olar: “Görünən budur ki, rəsmi Bakı hər nə qədər çalışsa da Paşinyan komandası ilə substantiv danışıqlar aparmaq mümkün olmur. Rəsmi Yerevanın danışıqlar prosesinin formatı və məzmununu dəyişməyə cəhdlər etməsi Paşinyan komandasının özlərini sığortalamağa xidmət edən manevrdir”
Politoloq qeyd edib ki, Ermənistandakı daxili siyasi vəziyyət və Paşinyan komandasının üzləşdiyi çətinliklər hazırda ciddi müzakirələr və substantiv danışıqlar üçün ciddi məhdudiyyətlər yaradır: “Açıq söyləmək lazım gələrsə, Paşinyanın Qarabağla bağlı məsələlərdə müstəqil qərar vermək, hansısa ciddi addımlar atmağa nə siyasi legitimliyi, nə də siyasi dəstəyi, nə də ictimai etimadı var. Buna görə, Qarabağ sepratçılarını danışqıların müstəqil tərəfi kimi təqdim etməklə, Qarabağ mövzusunda populist addımlar və çağırışlarla əslində özünü sığortalamağa çalışır. Qarabağ klanı ilə qarşıdurmada olan Ermənistanın Baş Nazirinin yaxın perspektivdə onların müqavimətini qıracağını gözləməyə dəyməz”.
Onun fikrincə, mövcud vəziyyət Qarabağ məsələsində Paşinyanı Serj Sərkisyandan da radikal mövqe tutmğa vadar edib. Məhz buna görə, ilk vaxtlar xalqlar arasında etimad yaradılmasından danışan Paşinyan bu mövzunu “unudub”.
Z.İbrahimli bildirib ki, Qarabağ nizamlanmasında Paşinyan hakimiyyətdə qaldığı müddətdə Rusiya heç bir ciddi təşəbbüs etməyəcək. Ruslar Paşinyanı möhkəmləndirəcək heç bir təşəbbüsün reallaşmasına imkan verməməyə çalışacaqlar. Bununla belə, Ermənistan cəmiyyətində Moskvanın imicinə xələl gəlməməsi, Paşinyan komandasının isə bundan istifadə etməməsi üçün Qarabağ məsələsində Azərbaycana yönəlik hər hansı müsbət təşəbbüs gözləməyə dəyməz: “Rusiyanın MDB məkanında dondurulmuş münaqişələrə baxışı Qarabağ nizmlanması kontekstində ciddi təhlil edilməlidir. Rusiya XİN başçısı Lavrovun “Kommersant” qəzetində dərc olunan bugünkü müsahibəsində bununla bağlı çox açıq mesaj var. Xüsusən Ukrayna ilə bağlı sərgilədiyi mövqe Moskvanın postsovet məkanındakı münaqişələrlə bağlı unversal yanaşması hesab oluna bilər. Lavrov açıq deyir ki, Ukrayna federal dövlətə çevrilməlidir. Başqa mədəniyyətə, dilə və s. bağlılığı olan insanların bu hüquqları qorunmalı, hörmətlə yanaşılmalıdır. Yəni, tanınmamış Donetsk və Luqansk Respublikalarına xüsusi status verilməldirir, Kiyev onlarla birbaşa danışıqlar aparmalıdır”.
Z.İbrahimlinin sözlərinə görə, eyni zamanda Trampın gəlişi ilə Vaşinqtondan da Rusiyaya və onun təsiri ilə ərazi iddilarına məruz qalan respublikalara münasibətdə dəyişiklik hiss olunur: “Təəssüf ki, bu bizim maraqlar kontekstindən qəbuledilməzdir. Prezident Trampın Ukrayna prezidentinə Rusiya ilə dil tapmağa çalışmasını tövsiyyə etməsi də ABŞ-n hazırda unversal yanaşması kimi dəyərləndirilə bilər”.
“Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Qarabağ nizamlanmasında qeyri-müəyyənlik hələ orta perspektiv üçün davam edəcək. Qarabağ nizamlanmasında əsas rol yeni Rusiyaya məxsus olaraq qalacaq. Rusiya isə orta perspektivdə çətin ki, yanaşmasını dəyişsin”.
Politoloq bildirib ki, Rusiyanın yeni rolda və statusda dünyada qəbul edilməsi, Avropa və Tramp komandasının Moskva ilə münaisbətləri yenidən nəzərdən keçirilməsinə çalışması, Türkiyənin, İranın Rusiya ilə əməkdaşlığı Kremlin MDB bölgəsində də təsirini və imkanlarını artırıb: “Azərbaycan yenə gözləməli olacaq. Müharibə variantı da indiki vəziyyətdə çıxış yolu kimi görünmür”.