Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir.
Bu barədə Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Le Monde qəzetinə müsahibəsində səsləndirdiyi fikri şərh edən zaman bildirib. Qeyd edilib ki, bu həmçinin, Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.