“Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Moskvaya yürüşü dayndırdığını bəyan edib.
Azpost.info bildirir ki, bununla bağlı “Vaqner”in rəsmi səhifəsində Priqojinin bəyanatı açıqlanıb.
O qeyd edib ki, bu addımı qardaş qanı tökülməməsi üçün atır. Priqojin deyib ki, “Vaqner” razılaşdırılmış plana müvafiq olaraq özünün səhra düşərgəsinə qayıdır.
“Vaqner”i buraxmaq istədilər. İyunun 23-də “ədalət yürüşü”nə yola düşdük. Moskvaya 200 km məsafəyə qədər gəldik və bir əsgərimizin qanı axmadı. Amma bundan sonra qan töküləcək. Biz də bunu istəmirik. Danışıqlar oldu. Rus qanının tökülməsinin bütün məsuliyyətini dərk edərək, plana uyğun Vaqner kolonunu geri çevirib düşərgəmizə qayıdırıq”.
Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Qeyd olunub ki, “Vaqner” özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var.