Rusiya prezident administrasiyası (AP) ehtiyat edir ki, Yevgeni Priqojinin muzdluları Moskvaya yaxınlaşa və paytaxt yaxınlığında döyüşlər başlaya bilər.
Azpost.info bildirir ki, bu barədə Meduza-ya Kremlə yaxın iki mənbə məlumat verib.
Onların sözlərinə görə, dünənə qədər Prezident Administrasiyası Priqojinin blef etdiyini və özü üçün nəsə qoparmağa çalışdığını istisna etmirdilər.
Lakin iyunun 24-də səhər saatlarında vaqnerçilər Rostovu nəzarətə götürdükdən sonra işin ciddi olduğu anlaşıldı.
Meduza-nın mənbələrinin sözlərinə görə, ölkənin ali rəhbərliyi vəziyyəti az-çox sülh yolu ilə həll etməyə ümid edirdi. Səhər tezdən Kremlin siyasi blokunun rəhbəri Sergey Kiriyenkonun yaxın adamı Aleksandr Xariçev və Rusiya prezidentinin daxili siyasət departamentinin rəhbəri Andrey Yarin Rusiya qubernatorlarına və siyasətçilərə zəng edərək, onlardan”yumşaq” və Priqojinin şəxsiyyətinə keçmədən” vəziyyətə münasibət bildirmələrini istəyib.
Cəmi bir saat yarımdan sonra “tövsiyələr” dəyişib: Region rəhbərlərinə və siyasətçilərə Priqojini “satqın” adlandırmağı tapşırıblar (bu, Putinin özü Priqojin ətrafında baş verənlər barədə danışmazdan əvvəl belə olub).
Bu məlumatı Meduza-ya parlament partiyalarından birinin rəhbərliyindəki mənbə təsdiqləyib.
Həmin saat yarım ərzində dəqiq nə baş verdiyi məlum deyil. Meduza-nın həmsöhbətlərinin sözlərinə görə, həmin vaxt ölkənin ali rəhbərliyi ilə Priqojin arasında qeyri-rəsmi danışıqlar gedirdi: “Görünür, bundan heç nə alınmayıb”.
Putinin bu prosesdə iştirak edib-etmədiyi də bəlli deyil. Moskva vaxtı ilə saat 10-da prezident televiziya ilə çıxış edərək Priqojini “xəyanətdə” ittiham edib.
Bununla da vəziyyətin sülh yolu ilə həlli imkanlarını tamamilə aradan qaldırıb.
Kremlə yaxın mənbə deyib ki, iki həftə əvvəl Putinin Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün silahlı qrupların Müdafiə Nazirliyi ilə rəsmi müqavilə bağlamaq tələbindən sonra Priqojin hay-küy salmağa başlayıb.
Müdafiə Nazirliyi ilə Priqojin arasında uzun müddətdir davam edən münaqişə gedir.
Priqojin hərbi idarə ilə müqavilə imzalamaqdan qəti şəkildə imtina edərək bildirib ki, Müdafiə Nazirliyi vacib dövlət orqanı, mühüm strukturdur. “Lakin əgər ora bir qrup fərdi şəxs tərəfindən özəlləşdirilibsə, bu o demək deyil ki, biz də bu cinayətdə iştirak etməliyik”.
Priqojin eyni zamanda Putinin əmrindən yayınmağa qeyri-rəsmi cəhdlər edib: “Priqojin bu addımın qarşısını almağa çalışdı… O, başa düşürdü ki, bu yolla onun nüfuzu xeyli zəifləyəcək. Hamıya zəng etdi, həll yolu təklif etdi: Bildirib ki, Rusiya Qvardiyasının rəhbərliyi altına keçməyə hazırdırlar. Ona rədd cavabı verildi”, – Meduzanın həmsöhbətlərindən biri deyir.
Onun sözlərinə görə, elə o zamandan nəsəolacağı barədə pis bir hiss yarandı. Priqojin əzməyə və üstündən ötüb keçməyə öyrəşib. Kremlə yaxın olan başqa bir həmsöhbət əlavə edir ki, Rusiya təhlükəsizlik qüvvələri bu vəziyyəti bilərəkdən ört-basdır ediblər: “Bəlkə onlar prezidentə Priqojinlə bağlı nələrinsə düz getmədiyi barədə deməyə cəsarət etməyiblər… Priqojinin özünün Putinlə əlaqəsi məhduddur. Taktiki baxımdan problemə göz yummaq daha sərfəli idi – problem barədə məlumat verdinizsə, onu həll etməlisiniz. Amma necə həll etməli?”
Prezident Administrasiyasına yaxın mənbələrdən biri etiraf edir ki, Kreml də problemi lazımi səviyyədə qiymətləndirməyib: “Biz bunu görüşlərdə müzakirə etdik. Belə mövqeyə gəldik ki, Priqojin cəsarətli avantüristdir və özünü qaydalara uyğun aparmır. Amma onun hərbi qiyam qaldırmaq riski sıfıra bərabər hesab olunurdu. Hesab edirdilər ki, bunu yalnız dəli edə bilər. Lakin Priqojinin ağlı həqiqətən çaşdı”.
Kremldə ordunun və təhlükəsizlik qüvvələrinin Vaqner”i dayandıra biləcəklərinə əmindirlər. Bununla bərabər mənbə deyib ki, şübhə etmirlər ki, ən azı bəzi muzdlu dəstələr Moskvaya çata biləcəklər.
Bununla belə, mənbələr etiraf edib ki, Rusiya hakimiyyətinin açıq üsyanın başlamasına imkan verməsi Putinin statusuna və reytinqinə zərbə vuracaq. Hətta təhlükəsizlik qüvvələri Priqojinin muzdlularının ordusunu məğlub edə bilsə bu zərbənin izi qalacaq.
Mənbələr həmçinin ölkə daxilində “vintlərin daha da bərkidiləcəyini” gözləyirlər.
Azpost.info