“Proporsional sisteminin bərpası nəzərdə tutulur…” –Natiq Cəfərli Prezident Administrasiyasında görüşdən danışdı

“Prezident Administrasiyasında bu görüş 2 ay əvvəldən planlaşdırılmışdı. Sadəcə obyektiv səbəblərdən bir qədər yubandı”.

Bu barədə Azpost.info-ya Respublikaçı Altenranit Partiyasının (REAL) icra katibi Natiq Cəfərli Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşündən danışarkən bildirib.

Natiq Cəfərli görüşdə “Siyasi partiyalar haqqında” yeni qanunla bağlı müzakirələr aparıldığını deyib: “Bu qanun haqqındakı publik tənqidi fikirlərimizi görüşdə də səsləndirdik. Bildirdim ki, yeni qanun daha majoritar seçki sisteminə deyil, daha çox proporsional seçki sisteminə uyğundur. Çünki majoritar seçki sistemində partiya üzvlüyünün o qədər ciddi əhəmiyyəti yoxdur. Əgər mən 450 imza ilə namizəd ola bilirəmsə, o zaman partiyanın qeydiyyatdan keçirilməsi üçün 5000 üzvün tələb olunması heç bir məntiqə sığmır. Məndə belə təəssürat yarandı ki, gələcəkdə proporsional seçki sisteminin bərpası nəzərdə tutulur. Lakin bunun konkret vaxtı ilə bağlı hər hansı işarə edilmədi”, – deyə Natiq Cəfərli bildirib.

REAL yetkilisi əlavə edib ki, bundan başqa, görüşdə ölkənin siyasi, sosial-iqtisadi vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. “Tənqidlərimizi, təkliflərimizi dilə gətirdik”, – deyə Cəfərli vurğulayıb.

REAL-ın üzvlük məsələsinə gəlincə, Natiq Cəfərli bildirib ki, əslində bu məsələdə partiya üçün hər hansı problem yoxdur: “İyula qədər vaxt var və biz burada hər hansı problem görmürük. Sadəcə biz məsələnin məntiqinə diqqət çəkmək istədik. REAL heç vaxt kütləvi partiya olmayıb. Azərbaycanda nədənsə düşünürlər ki, partiyalara kütləvi axın olmalıdır. Bu Kommunist Partiyasının ənənəsidir. ABŞ-da, Avropanın bir çox ölkələrində partiyalara heç də kütləvi şəkildə üzv qəbul edilmir. Partiyanın tərəfdarı, elektoratı olar. Biz diqqəti bu buna çəkmək istəyirdik”, – REAL yetkilisi vurğulayıb.

Abbas

Əvvəlki məqalə

“Rusiya-ABŞ münasibətləri ən aşağı nöqtədədir”

Sonrakı məqalə

Sabahdan 20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürülür