Amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra təəssüratlarını bölüşüb.
Azpost.info xəbər verir ki, Karlson Rusiya liderini iki saat gözlədikdən sonra müsahibə aldığını deyib.
Jurnalist qeyd edib ki, Putinin Ukrayna böhranını sülh yolu ilə həll etməyə hazır olması onu təəccübləndirib. Karlsonun fikrincə, NATO-nun Rusiyanı cilovlamaq vəzifəsini qarşısına qoyması Putini çox narahat edir.
Jurnalist Rusiya prezidentini ağıllı həmsöhbət adlandırıb. O, həmçinin Putinin Krımı Ukraynaya verəcəyinə inananları dəli adlandırıb.
“Bu müharibənin əvvəlində Krım Rusiyanın əlində idi. Ona görə də əgər siz həqiqətən də Putinin sülhə nail olmaq üçün şərt kimi Krımdan imtina etməli olacağına inanırsınızsa, deməli, ağlınızı itirmisiz”, – Karlson deyib.
Karlson 2024-cü il fevralın 1-də Moskvaya gəlib. Daha sonra o, Rusiya prezidenti Vladimir Putindən müsahibə almaq niyyəti ilə bağlı videomüraciət yayıb.
Karlsonla söhbət zamanı Putin bildirib ki, Rusiya Ukraynada danışıqlar yolu ilə nizamlanmaya nail olmaq istəyir. Moskva dəfələrlə bəyan edib ki, dialoqu bərpa etməyə hazırdır, lakin öz şərtləri ilə, bunlardan biri də Rusiyanın Krım da daxil olmaqla yeni əraziləri saxlamasıdır. Kiyev danışıqlara başlamaq üçün rus qoşunlarının çıxarılmasını tələb edir. Hər iki tərəf bir-birinin şərtlərini qəbuledilməz hesab edir.
Müsahibə 2 saat 6 dəqiqə çəkib və bu müddət ərzində Rusiya lideri təxminən 60 sualı cavablandırıb.
Azpost.info