Qərbin Rusiyanı çıxarmağa çalışdığı SWIFT sistemi nədir?

Ötən həftə Britaniya müttəfiqlərini Rusiyaya SWIFT qadağası qoymaq çağırışlarını davam etdirdi. Amma Almaniya və İtaliya da daxil olmaqla, bir çox Avropa hökuməti Rusiyanın bu beynəlxalq ödəniş sistemindən kənarda qalmasının onların iqtisadiyyatlarına zərər vuracağını düşünür.

Fransanın maliyyə naziri bildirib ki, bundan ancaq son çarə kimi istifadə etmək olar.

SWIFT nədir?

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) – pulun bir hesabdan digərinə köçürülməsinə imkan verən beynəlxalq maliyyə strukturudur.

1973-cü ildə yaradılmış, baş ofisi Brüsseldə yerləşən sistemin 200 ölkədən toplam 11 min üzvü (maliyyə institutu və banklar) var.

Amma SWIFT klassik bank deyil. Bu, istifadəçilərə köçürülən pulun bir hesabdan çıxıb digərinə daxil olduğunu xəbər verən onlayn rejimli mesajlaşma sistemidir.

Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında əl dəyişir.

SWIFT mesajlarının 1 faizindən çoxunun Rusiyaya aid ödənişlərlə əlaqəli olduğu təxmin edilir.

SWIFT kimindir və ona kimlər nəzarət edir?

SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir.

2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir.

Baş ofisi Belçikada yerləşən şəbəkəni ABŞ və Böyük Britaniya da daxil olmaqla, dünyanın aparıcı mərkəzi banklarıyla əməkdaşlıq edən Belçika Mərkəzi Bankı idarə edir.

SWIFT öz üzvlərinə beynəlxalq ödənişləri təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Təşkilatın son qarşıdurmada tərəf olmayacağı ehtimal edilir.

Amma 2012-ci ildə İranın nüvə proqramına görə tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində bu ölkə SWIFT-dən çıxarılıb.

Nəticədə İran neft ixracından əldə etdiyi gəlirlərin az qala yarısını və xarici ticarət gəlirlərinin 30 faizini itirib.

SWIFT təşkilat olaraq sanksiya qərarlarına təsir etmədiyini, belə qərarların hökumətlər tərəfindən qəbul edildiyini bildirilir.

Rusiya SWIFT-dən kənarlaşdırılsa, nəticəsi nə olacaq?

Belə bir sanksiya tətbiq olunarsa, Rusiya şirkətləri SWIFT-in təqdim etdiyi normal, rahat və sürətli ödəniş üsullarından istifadə edə bilməyəcəklər.

Neft və kənd təsərrüfatı məhsulları sektorlarında qiymətli ixrac məhsullarının ödənişlərində də ciddi pozuntular ola bilər.

Belə durumlarda banklar ödənişləri həyata keçirmək üçün bir-biriylə əlaqə saxlayırlar, amma bu, əlavə vaxt və xərc deməkdir və Rusiya hökumətinin gəlirlərinə təsir edəcək.

Rusiya Krımı ilhaq etdiyi 2014-cü ildə də SWIFT-dən kənarlaşdırılmaqla hədələnmiş, Rusiya hökuməti bunun müharibə elanına bərabər olacağını bildirmişdi.

Qərbli müttəfiqləri o zaman Rusiyanı sistemdən çıxarmadılar, ancaq bu təhlükə Rusiyanı MIR kimi tanınan Milli Ödəniş Sistemi yaratmağa sövq etdi. Hərçənd Rusiyadan başqa bu sistemdən istifadə edən çox az ölkə var.

Niyə Qərb ölkələri Rusiyayanın SWIFT-dən kənarlaşdırılmasıyla bağlı razılığa gələ bilmirlər?

Rusiyanın sistemdən kənarlaşdırıması bu ölkəyə mal ixrac və ya idxal edən şirkətləri, xüsusən də alman şirkətlərini çətin vəziyyətə sala bilər.

Bundan başqa, Avropa Birliyi ölkələrinə ən çox təbii qaz satan ölkə Rusiyadır, ona alternativ tapmaq asan deyil. Enerji qiymətləri artıq bir müddətdir ki, yüksəlməkdə davam edir və bəzi hökumətlər enerjinin daha da bahalaşmasına səbəb olacaq addımlar atmaq istəmirlər.

Rusiya sistemdən çıxarılarsa, bu ölkədən alacağı olan şirkətlər pullarını toplamaq üçün alternativ yollar tapmalı olacaqlar. Amma beynəlxalq bank sistemində xaos yaranması ehtimalını nəzərə almamaq lazım gəldiyini düşünən dairələr də var.

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin SWIFT-dən kənarda qalmanın Rusiya iqtisadiyyatının 5 faiz kiçilməsinə səbəb olacağını bildirmişdi.

Bununla belə, belə bir sanksiyanın Rusiya iqtisadiyyatına davamlı təsirinin olub-olmayacağı sual altındadır. Rusiya bankları ödənişlərini öz ödəniş sisteminə malik olan, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Çin kimi ölkələr vasitəsilə də həyata keçirə bilərlər.

Bəzi ABŞ konqresmenləri SWIFT-dən kənarlaşdırma sanksiyasının tətbiqində israr edirlər, amma prezident Co Bayden bunun digər ölkələrə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq digər sanksiyalara üstünlük verdiyini bildirib.

Üstəlik, bu məsələdə Avropa hökumətlərinin dəstəyi tələb olunur, onların bəziləri isə öz iqtisadiyyatlarının zərər çəkəcəyini düşünərək belə bir qərara qarşı çıxırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya rəsmiləri danışıqlar üçün Belarusa gedib –

Sonrakı məqalə

Rusiya hərbçiləri Ukraynadan təxliyə olunan 3 azərbaycanlını qətlə yetirib –