Qan yaddaşımıza yazılan Xocalı

Otuz bir il əvvəl şaxtalı fevral günü Azərbaycan xalqı səhəri dəhşətli bir xəbərlə açdı.

Kütləvi şəkildə qətlə yetirilmiş dinc azərbaycanlıların –körpə uşaqların, qocaların, qadınların qarlı çöldə səpələnən cəsədlərinin görüntüləri ölkəyə fəlakət üz verdiyini nümayiş etdirirdi. Vətəndaşlar Ağdam məscidinə daşınan eybəcər hala salınan meyitləri, jurnalist Çingiz Mustafayevin boğuq səslə ağlaya-ağlaya körpə cəsədlərini qucaqlamasını, qarın içində ayaqyalın gələn uşaqları, qadınları, qocaları – bu fondakı xaosu dəhşətlə izləyirdilər.

Mənfur düşmən qonşuluq üçün mühüm olan bütün mənəvi-insani bağları dağıtmışdı.

Xocalıda soyqırım törətmişdi.

Xalq belə amansız və vəhşi qətlimadan sarsılmışdı.

Ümummilli lider Heydər Əliyev bu soyqırımı “bütün bəşəriyyətə qarşı tarixi bir cinayət” adlandırmışdı.

Bu doğurdan da belədir. Dinc insanların kütləvi qətli bəşər tarixinin ən qara səhifələridir. Holokost, Serebrnitsa kimi vəhşət cinayətlərinin sırasında Xocalı da yer alır.

“Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”-Prezident Heydər Əliyev demişdi.

1992-ci il fevralın 26-da erməni quldur dəstələri sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev qeyd edir ki, 1991-ci ilin sonuna qədər Dağlıq Qarabağ ərazisində tərəflər arasında ciddi bir silahlı toqquşma yaşanmamışdı. Lakin 1991-ci ilin avqustunda Moskvada yaşanan uğursuz hərbi çevriliş cəhdindən sonra Dağlıq Qarabağdakı separatçılar sürətlə silahlanmağa və mülki Azərbaycan əhalisinə qarşı hücumlarını artırmağa başladılar. Xocalı da Xankəndini nəzarətdə saxladığı üçün strateji əhəmiyyəti səbəbi ilə işğal olunacaq ilk hədəflərdən biri idi.

Xocalıda yaşanan soyqırımı dövrün yerli və xarici mətbuatı tərəfindən işıqlandırıldı. Amerikalı ekspert Svante Kornellə görə, ermənilərin Xocalıda yaşayan insanları öldürməklə 2 əsas məqsədi vardı: birincisi, mülki əhalinin Xocalıya qayıtmasının qarşısını almaq, ikincisi isə Xocalıya yaxın ərazilərdə yaşayan mülkü azərbaycanlıları qorxudaraq Dağlıq Qarabağ ətrafındakı rayonların işğalını asanlaşdırmaq. Təsadüfü deyil ki, Xocalıda yaşanan soyqırımı ətraf rayonlarda mülkü əhali arasında bir qorxu yaradaraq işğalı sürətləndirdi.

Hadisədən 1 həftə sonra BMT-nin Memorial İnsan Hüquqları təşkilatı Xocalı hadisəsi haqqında bir hesabat hazırladı.

Hesabat Xocalıda törədilən soyqırımında erməni silahlılarını günahkar göstərirdi. Memorial İnsan Hüquqları Təşkilatının hesabatına görə, Xocalıdan qaçan mülki əhali yollarda erməni silahlılar tərəfindən qətlə yetirilmişdi. Əsir alınanlar isə işgəncə ilə öldürülmüşdü.

Xocalı soyqırımını törədənlərdən biri olan Serj Sarkisyanın etirafı məlumdur. Sarqisyanın Tomas de Valla verdiyi müsahibədə “Xocalıya qədər azərbaycanlılar düşünürdü ki, biz mülkü əhalini öldürmərik, amma Xocalıda biz bunu etdik” sözlərindən başqa da sözlər var. Sarkisyanın “Xocalıya hücum edən əsgərlərimiz Bakıda və Sumqayıtdan qaçan ermənilərdən meydana gəlmişdi”- sözləri mülki əhali öldürməyi əvvəlcədən planlandığını göstərir. Digər tərəfdən erməni polis mayoru Valeri Babayanın “Xocalıya hücum edənlər Sumqayıt və Bakıdan gələn ermənilərdən ibarət idi”, sözləri də Sarqisyanı təsdiqləyir. Görünən odur ki, erməni tərəfi Xocalıda mühasirədə olan əhalini öldürmək üçün xüsusi bir “İntiqam Birliyi” qurmuşdur. Bu isə BMT-nin 1948 Soyqırımın Önlənməsi və Cəzalandırılması Konvensiyası şərtlərinə görə Xocalıda yaşanan hadisənin soyqırımı olaraq qiymətləndirilməsinə yol açır.

Ekspertin sözlərinə görə, Xocalı soyqırımının erməni silahlıları tərəfindən törədildiyi haqqında sübutları daha da çoxaltmaq mümkündür. Bunlardan biri də 1997-ci ildə Ermənistan xarici İşlər Nazirliyinin Xocalı soyqırımı haqqında açıqlamasına Helsinki İnsan Hüquqları Təşkilatının icraçı direktoru Holli Kartnerin cavabıdır. 1997-ci ili mart ayının 3-də Ermənistan Xarici İşlər Nazirliyi açıqlama verərək Xocalının Azərbaycan daxili siyasətində iqtidar-müxalifət çəkişməsi nəticəsində yaşandığını iddia edir. Bu açıqlamadan sonra İnsan Hüquqları Təşkilatınım icraçı direktoru Holli Kartner Ermənistan hökumətinə cavab məktubu yazaraq Ermənistan hökumətinin iddialarının doğru olmadığını və Xocalıda yaşananlardan silahlı ermənilərin məsul olduğunu qeyd etmişdir. Kartner ayrıca bunları qeyd etmişdir “Nə Xocalıda yaşananlar, nə də Xocalıdan köçən azərbaycanlıların ifadələri sizin “azərbaycanlıların özləri daxili siyasət mübarizəsi səbəbi ilə Xocalı qətliamını törətdi” tezisinizi dəstəkləmir…. Biz hələ də Xocalıda mülkü əhalinin qətl olunmasından Qarabağ ermənilərini məsul tuturuq”

Bu illər ərzində Azərbaycan daim Xocalı soyqırımına qiymət verilməsini, qatillərin cəzalandırılmasını  özünün əsas prioritetlərindən biri hesab edib.

Bu illər ərzində Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması və onun təşkilatçıları və icraçılarının beynəlxalq məhkəməyə çıxarılması üçün ardıcıl işlər aparıb. Bakı Xocalı faciəsini bütün dünyaya nümayiş etməklə erməni millətçilərinin iç üzünü ifşa edir, “Xocalıya Ədalət” kampaniyası isə dünyadan bu fəlakətin qurbanlarına ədalət tələb edir.

Düşmən cəzasını da aldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qoymadı.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etmişdi: “Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-dedi.

Dövlət başçısı “intiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq”-xüsusi olaraq vurğuladı.

Bu sözlər Ermənistana törətdiyi anti-humanist, alçaq cinayətini xatırlatmaq idi. Bu gün Azərbaycan bayrağı Xocalı rayonunun azad edilmiş kəndlərində vüqarla dalğalanır. Tezliklə isə Xocalının özündə dalğalanacaq.

X.SƏFƏRLİ

Yazı MEDİA-nın dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Doğrudanmı qadınlar “kobud kişiləri”i xoşlayırlar? –

Sonrakı məqalə

Rusiyanın İrandan aldığı PUA-ları tükənib