“Qarabağ” bu gün “Frayburq”la oynayır –Ozobiç meydana çıxmayacaq, Qarayev sual altındadır

Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.

Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın “Frayburq” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək.

“Qarabağ”ın heyətində Filip Ozobiç zədə səbəbindən görüşü buraxacaq. Qara Qarayevin qarşılaşmada iştirakı sual altındadır. Qonaqlarda zədəli Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya gətirilməyib.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda Fransa “Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

G qrupunda 13 xala malik “Frayburq” liderliyini təmin edib. “Qarabağ”la yanaşı 6 xalı olan “Nant”ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda “Qarabağ”ın xal itirməsini gözləyəcək.

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb –

Sonrakı məqalə

Ermənistan sentyabr döyüşlərində itirdiyi hərbçilərin ilk siyahısnı açıqlayıb