QARABAĞDA “QORDİ DÜYÜNÜ”NÜ KƏSƏN PREZİDENT

24 Dekabr 2020 - 04:04

2000-ci ilin may ayının 10-da Prezident Sarayında prezident Heydər Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edirdi. Gözəl may günündə, yaxşı əhvalda olan Prezident həmsədrlərin diplomatik ifadələrlə zəngin növbəti çıxışını dinləyirdi. Görüş zamanı ABŞ-ın Minsk Qrupundakı həmsədri Kerri Kavano Heydər Əliyevə qəribə bir hədiyyə verdi.

“Mister Prezident, bunu sizin ad gününüzə hədiyyə gətirmişəm”-deyən amerikalı əlindəki daş parçasını dövlət başçısına uzatdı. 77 yaşını qeyd edən Heydər Əliyev Kavanonun əlində tutduğu hədiyyəni aldı, diqqətlə baxdı və qəhərli səslə ona dedi: “Biz hökmən o torpaqlara qayıdacağıq, hökmən…”

Qarabağa növbəti monitorindən qayıdan amerikalı həmsədr Heydər Əliyevə işğal altında olan Ağdam məscidindən qopartdığı daş parçasını hədiyyə gətirmişdi.

Prezident o zaman daş parçasına baxıb qəhərlənmişdi.

Azərbaycan cəmiyyəti son 28 ildə Qarabağda uğradığı döyüş məğlubiyyətinin acı yükünü çiynində daşımaqla əsəbi və bir az da naümid şəkildə yaşayırdı. Bu illərdə TV-dən izlədiyi ənənəvi siyasi bəyanatlar, Minsk Qrupunun “növbətçi” açıqlamaları Qarabağ dərdinin məlhəminə çevrilə bilmirdi.

İlboyu ölkəyə səpələnmiş məcburi köçkünlərin sosial problemlərinin həllinə başı qarışan qurumların fəaliyyəti də qüssəli təəssürat yaradırdı: Baş vermiş işğal tarixi uzaqlaşdıqca onun yerini sanki sosial,maddi problemlərin həlli üçün çarpışmalar tuturdu.

Beynəlxalq müstəvidə Qarabağla bağlı aparılan danışıqlar artıq bezdirici nüanslarını üzə çıxarırdı. Böyük dövlətlərin betonlaşmış mövqeyinin əsas qayəsi münaqişənin siyasi dvidentlərini əldən verməmək idi. Geopolitik gündəliyi müəyyən edən qüvvələr üçün Qarabağ problemi siyasətin “arxa bağçasına” çevrilmişdi.

Burada tərəflər üçün ədalət tərəzisinin gözü itmişdi.

Sentyabrın 27-dən başlanan Vətən Müharibəsi Azərbaycanın son 30 ildə formalaşmış ictimai-siyasi həyatını alt-üst etdi. Azərbaycan Ordusunun bir-birinin arxasınca əldə etdiyi qələbələr son nəticədə 27 il işğal altında qalmış rayonların, Dağlıq Qarabağdakı ərazilərin və ən nəhayət Azərbaycanın mədəni yaddaşı sayılan Şuşanın azad olunması ilə nəticələndi. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə dünya hərb tarixinə “21-ci əsrin müharibəsi” kimi düşdü, beynəlxalq beyin mərkəzlərinin araşdırma təhlillərinin prioritetinə çevrildi.

Azərbaycan müharibədə nələri əldə etdi?

Ən vacib məqam Azərbaycanın  30 il əvvəlki sərhədlərini bərpa etməsi oldu. SSRİ-nin qanlı mirası kimi bizə ötürülmüş Qarabağ münaqişəsinin başlanması ilə pozulan bu sərhədlər “genişlənən qara dəlik” kimi ölkənin 20 faizinin itirilməsinə səbəb olmuşdu. Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanın işğalı ilə düşmən əlində qalan, Dağlıq Qarabağla Ermənistanın sərbəst əlaqəsini yaradan açıq sərhədimiz ölkənin inzibati xəritəsini tamamlamağa imkan vermirdi. 1991-ci ildə, SSRİ-nin ümumi “evində” oturan respublikamız müstəqilliyini yarımçıq sərhədlərlə bəyan etməyə məcbur olmuşdu.

İndi Laçında, Kəlbəcərdə, Qubadlıda qoyulan Azərbaycan dövlət sərhədinin postları ermənilər üçün “soyuq duş” effektinə çevrilməklə düşmənin xəyal dünyasını dağıdır. Buna qədər Dağlıq Qarabağ separatçıları üçün Azərbaycan hardasa Bərdə, Tərtərdən o tərəfdən başlanırdı. İndi səhər gözünü açıb hasarın o üzündə Azərbaycan əsgərinin durduğunu görən düşmən üçün seçim etmək anı da yaxınlaşacaq.

Şuşanın azad edilməsi müharibənin tarixində hamı üçün ən gözlənilməz hadisə oldu. Şuşa bu illər ərzində Azərbaycanın mənəvi həyatında, dünyagörüşündə və münaqişəyə baxışında məhək daşı idi. 1992-ci ilin mayında şəhərin itirilməsi azərbaycanlılarda şok yaratmışdı. Bu işğal xalqın ürəyinə dəyən “mənəvi güllə” idi. Azərbaycan mədəniyyətinin unikal nümayəndələrinin doğulduğu, tariximizin ən parlaq qəhrəmanlıq səhifələrində yer almış Şuşanın düşmən əlində qalması əzab yükünə, mənəvi deformasiyaya çevrilmişdi.

Vətən müharibəsi Azərbaycan vətəndaşlarının vahidiyinin indikatoruna çevrildi. Tarixdə çox nadir rast gəlinən belə birlik dünyanı da heyrətə saldı. Qərbin bəzi dairələrinin 44 günlük müharibədə siyasi qüvvələrin hakimiyyətlə münasibətlərində böhran yaranacağına olan inamı da alt-üst oldu. “Qarabağ sizin üçün milli ləyaqət demək imiş…Belə birlik gözləmirdik”- bu sözləri Avropanın siyasi dairələrinin nümayəndələrindən biri təəccüblə Azərbaycanın müxalifətdə olan siyasətçisinə etiraf etmişdi.

Müharibə cəmiyyəti 27 ildən bəri sarmış məğlubiyət sindromunu darmadağın etdi. Bu illərdə TV-lərdən boylanan məzlum insanların ürəyi parça-parça edən görüntüləri, başını itirmiş siyasilərin bağırtıları, məğlubiyyətin dəhşətini duyan, pərakəndə halda kameraya qışqıran, söyən hərbiçilərin, Xocalıda körpə cənazələrinə ağlayanların kadrları məğlubiyyətin qüssəli portretinə çevrilmişdi. Qaşqabaqla gəzən, doğma yurd həsrətindən havalanan, dünyasını dəyişən, ümidini itirənlərin təsəllisi özləri ilə gətirdikləri evlərinin paslı açarları, yas mərasimlərində bir-birilərinə dəstəyi və keçmişdə qoyub gəldikləri xoş günlərin yaddaşı idi.

44 günlük müharibə Azərbaycan cəmiyyətini silkələyib ayıltdı. Qədim nağıllarda olduğu kimi dizləri yarıya qədər torpağa batan nəhəng oyandı. Qələbə badəsi onun dirilik suyu oldu. Prezident İlham Əliyevin xalqa müraciətinə göz yaşları ilə baxan xalq hər qələbə xəbərindən sonra öz qüdrətinin şahidinə çevrilirdi. Məğlubiyyət ağrısı yerini qalibiyyət havasına verdi.

Qələbə dövlət üçün çox vacib element olan vətəndaş əminliyini möhkəmləndirdi. Azərbaycan xalqının bütün təbəqələrinin bir nöqtəyə vurması vətənin sabahı üçün görüləcək işlər üçün unikal şans yaradıb.

Qarabağda qalibiyyətli müharibə ölkəmizin beynəlxaq münasibətlərdə yerini möhkəmlətdi, yeni faktorlarını ortaya qoydu. Şərti diqtə edən tərəfə çevrilən Bakı artıq hərbi qarşıdurma kimi mövcudluğunu itirmiş münaqişənin həlli üçün yeni siyasi çağırışlara hazır olan, onun gündəliyini müəyyən edən, formalaşdıran bir dövlətə çevrilib.

Azərbaycanın Müzəffər Ordusu bu müharibənin favoriti olmaqla əsgəri şücaətləri ilə parlaq tarix yazdı. Əsgərimizə güvən, Ali Baş Komandana etimad, orduya inam ölkəmizin siyasi üfüqlərində yeni səhifələr açır.

Müharibə Azərbaycanın dünyada dostlarını da ortaya qoydu. Maraqlar mübarizəsinin qanlı çarpışmaları cövlan edən zəmandə haqlı mübarizənə dəstək almaq və sona qədər buna sadiq olmaq bu dostların aktivinə yazıldı.

Müharibə Ermənistan dövlətinin 100 illik siyasi ideyasını darmadağın etdi, “miatsum” məsləkini havaya sovurdu.

Bu gün 4 tərəfdən Azərbaycan ordusu ilə əhatə olunmuş Dağlıq Qarabağda hələ də “miatsum” xəyalı ilə yaşayanlar üçün qurtuluşa şans var. Azərbaycan özünün tarixi torpağı olan Dağlıq Qarabağda, onun mərkəzi Xankəndində yaşayan erməni vətəndaşları üçün “qapını açıq” saxlayıb. Müharibənin ağır məşəqqətlərindən keçən bu xalq taleyi ilə oynayan qüvvələrin əlində oyuncaq olmaqdan imtina etməsə nəsibi rüsvayçılıq və acı göz yaşları olacaq.

Bu 44 günlük müharibənin aparıcı lideri olan prezident İlham Əliyev zəfər möhürünü vuran ali baş komandan kimi tarixə düşdü.

Prezident işqaldan azad olunmuş Ağdam məscidinin qarşısında çıxış edərkən Kerri Kavanonun 20  il əvvəl divardan qopardığı daşın yeri bəlkə hələ də dururdu.

Amma indi daş dövrü artıq bitmişdi.

Yeni Azərbaycan doğulmuşdu. Sabahına inan, zəfərdən güc alan, dövlətinə güvənən və sabahına ümid edən ölkənin vətəndaşları ilə birgə…

Qalib ordunun zəfər qazanmış Ali Baş Komandanı məscidin müqəddəs daşını öpüb qələbə duasını oxuyurdu.

“Qordi düyünü”nü kəsən prezident İlham Əliyev bununla da pərakəndə halda olan Qarabağ elinin dirilişi, Azərbaycanın mədəni yaddaşının bərpası və cəmiyyətin gözləntisində olduğu yeni prioritetlər üçün unikal imkan yaratdı. Bunu həyata keçirmək üçün qarşıda böyük işlər durur…

Xaqani SƏFƏROĞLU

Azpost.info