1991-ci ilin payızı… SSRİ dağılmaq üzrə idi. Mərkəzi hakimiyyət zəifləyir, ittifaq respublikaları bir-bir müstəqillik yolunu tuturdu. Qarabağda isə vəziyyət getdikcə gərginləşirdi və silahlı qarşıdurmanın qarşısını almaq üçün son diplomatik cəhdlər edilirdi.
Məhz belə bir vaxtda – 1991-ci il sentyabrın 21-də RSFSR Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıya gəldilər. Onların məqsədi Qarabağ münaqişəsinin siyasi yolla həlli üçün vasitəçilik etmək idi.
Azpost.info-nun “Fotoxronika” layihəsində təqdim olunan arxiv fotosu həmin tarixi səfər zamanı çəkilib.
Fotoda Azərbaycan Prezidenti Ayaz Mütəllibov, dövlət katibi Tofiq İsmayılov, Baş nazirin müavini Artur Rəsizadə, daxili işlər naziri Məhəmməd Əsədov, Baş prokuror İsmət Qayıbov, Xalq yazıçısı Anar, RSFSR Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev əks olunublar.
SSRİ-də siyasi rəqabətin Qarabağa uzanan kölgəsi
Həmin vaxt Boris Yeltsin artıq RSFSR-in ilk prezidenti idi və SSRİ Prezidenti Mixail Qorbaçovla açıq siyasi qarşıdurma yaşayırdı.
Siyasi müşahidəçilərin fikrincə, Yeltsinin Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyi təkcə regionda sülh yaratmaq məqsədi daşımırdı. Bu təşəbbüs eyni zamanda SSRİ rəhbərliyinin həll edə bilmədiyi mürəkkəb problemi çözməklə siyasi nüfuzunu artırmaq cəhdi kimi də qiymətləndirilirdi.
Maraqlıdır ki, Yeltsinin Bakıya səfəri ərəfəsində sovet informasiya agentliyi TASS (SİTA) Qarabağla bağlı Mixail Qorbaçovun yeni fərman hazırladığı barədə xəbər yaymışdı. Bakıda isə bu məlumat ehtiyatla qarşılanırdı.

Bakıda mühüm danışıqlar
Yeltsin və Nazarbayev əvvəlcə Prezident Ayaz Mütəllibovla görüşərək Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə etdilər.
Bundan sonra onlar Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi ilə də görüş keçirdilər.
AXC nümayəndələri bildirdilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərarını ləğv edəcəyi təqdirdə danışıqlar mümkündür. Eyni zamanda Ermənistandan Qarabağa göndərilmiş silahlı dəstələrin geri çəkilməsi tələb olunurdu.
Yeltsin və Nazarbayev isə sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu və Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını bəyan etdilər.
Xankəndinə gedən yol
Bakıda keçirilən görüşlərdən sonra nümayəndə heyəti avtomobillərlə Gəncə istiqamətində yola düşdü. 1991-ci il sentyabrın 22-də Boris Yeltsin, Nursultan Nazarbayev və Ayaz Mütəllibov Xankəndinə çatdılar.
Həmin gün şəhərin mərkəzi meydanında on minlərlə erməninin iştirakı ilə mitinq keçirilirdi. Yeltsin qısa çıxış etdikdən sonra Dağlıq Qarabağ Vilayət Sovetinin binasında erməni nümayəndələri ilə görüş keçirdi.
Diqqətçəkən məqamlardan biri də o idi ki, Azərbaycan Prezidenti Ayaz Mütəllibov həmin görüşdə iştirak etmədi.
Jeleznovodsk memorandumu
Xankəndi və İrəvandakı görüşlərdən sonra tərəflər 1991-ci il sentyabrın 24-də Rusiyanın Jeleznovodsk şəhərində yenidən bir araya gəldilər.
Boris Yeltsinin vasitəçiliyi ilə Ayaz Mütəllibov və Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan arasında keçirilən danışıqların yekununda tarixə Jeleznovodsk memorandumu kimi düşən sənəd imzalandı.
Memorandumda aşağıdakı əsas müddəalar yer alırdı:
-Qarabağla bağlı qarşılıqlı qəbul edilmiş antikonstitusion qərarların hüquqi qiymətləndirilməsi;
-atəşin dayandırılması;
-SSRİ Daxili Qoşunları istisna olmaqla bütün silahlı dəstələrin münaqişə zonasından çıxarılması;
-vəziyyətin siyasi dialoq yolu ilə nizamlanması.
Sənədin 1992-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.
Kağız üzərində qalan ümid
Lakin Jeleznovodsk memorandumu həyata keçirilmədi. SSRİ-nin süqutu, regionda siyasi vəziyyətin sürətlə dəyişməsi və silahlı qarşıdurmanın genişlənməsi bu razılaşmanın reallaşmasına imkan vermədi.
Bir neçə ay sonra Qarabağ münaqişəsi tammiqyaslı müharibə mərhələsinə keçdi.
Tarixin dondurduğu kadr
“Fotoxronika” layihəsinin təqdim etdiyi bu arxiv şəkli təkcə yüksək səviyyəli görüşü əks etdirmir. O, həm də müharibədən əvvəl sülh üçün göstərilən son böyük diplomatik cəhdlərdən birinin canlı şahididir.
Bu gün həmin fotoda yer alan şəxslərin əksəriyyəti artıq tarixə çevrilib. Lakin 1991-ci ilin sentyabrında çəkilmiş bu kadr Azərbaycan və region tarixinin ən həlledici dönəmlərindən birini xatırlatmaqda davam edir.
X.SƏFƏRLİ

