“Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrası üzrə təlimləri başa çatdırılıb.
Bu barədə layihənin rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, layihənin icrası 01.05.2024-cü il tarixdə başlanıb. AİİB uzun illərdir ki, ölkədə qida zəhərlənmələrinin səbəblərini araşdırır və Azərbaycan istehlakçılarının qidadan zəhərlənmə ststistikasında ev şəraitində hazırlanan konservləşdirilmiş meyvə-tərəvəz məhsullarından zəhərlənmə hallarının daha çox olduğunu müşahidə edib. AİİB daim iş apararaq istehlakçıları ev şəraitində meyvə-tərəvəz konservləri hazırlamaqdan çəkindirməyə və bu kimi malların bazarlarda satışını məhdudlaşdırmağa çalışsa da, ailələrin uzun illərdir ki, məişətinə daxil olmuş bu “ənənəni” ildən ilə az da olsa azaltmağa nail olsa da yox etməyə nail ola bilməyib. Bir çox hallarda meyvə-tərəvəz konservləri təkcə ailənin tələbatı üçün deyil, eləcə də satış məqsədilə istehsal olunduğu, hətta bu kimi malları satan dükanların da mövcudluğu reallığa çevrilib. Layihənin icrası zamanı, birmənalı olaraq ev şəraitində hazırlanan konserv məhsullarının qida üçün arzuolunmaz və riskli olduğu təbliğ edilib.
Layihə çərçivəsində hədəf Ağdam, Ağcabədi və Fizuli rayonlarının ev şəraitində qida məhsullarını konservləşdirən, fərdi istehlak və ya satış məqsədilə bazara çıxaran sakinləri seçilib. Ümumilikdə hədəf ərazilərinin 10 icmasında hər biri 10-11 nəfərdən ibarət olmaqla 10 istehsalçı qrup yaradılıb.
Hər bir qrupa təcrübəli təlimçilər (Yaşar İsgəndərov, Xəlil süleymanov) tərəfindən iki mövzuda -“Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması-marketinq” və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” altında iki günlük təlim keçirilib. Təlimlərdə həssas qruplara daxil olan ailə üzvlərindən ibarət cəmi 105 nəfər (o cümlədən 55 kişi və 50 qadın) iştirak edib. Onlardan 32 nəfəri (o cümlədən 15 kişi və 17 qadın) Ağcabədi rayonu sakinlərindən, 31 nəfəri (o cümlədən 24 kişi və 7 qadın) Ağdam rayonu sakinlərindən və 42 nəfəri (o cümlədən 16 kişi və 26 qadın) Fizuli rayonu sakinlərindən ibarət olub. Təlimlər zamanı ev şəraitində hazırlanan meyvə-tərəvəz konservlərinin qida standartlarına uyğun təhlükəsiz hazırlanma qaydaları və onların marketinqi üzrə zəruri məlumatlar iştirakçılara verilib. İştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı izah olunub. İştirakçılar təlimlərdən məmnunluqlarını bildiriblər. Təlimlərin yekununda iştirakçılar müvafiq sertifikatlarla təltif olunublar.
İştirakçılar Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə və AİİB-nə təşəkkürlərini bildirməklə yanaşı anoloji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar. Layihənin nəticələri barədə AİİB, 20 rayonda yerləşən nümayəndəliklərinə məlumat vermiş və eyni zamanda təlim materiallarını da rayon nümayəndəlilərinə təqdim edib.