QMİ sədri Xocalı soyqırımında kimi ittiham edib?

Dinc insanların etnik mənsubiyyətinə görə kütləvi qətli bəşər tarixinin ən qara səhifələri sayılır. Holokost, Serebrenitsa kimi qanlı cinayətlərin sırasında Xocalı da yer alır.

“Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır”-deyə Ümummilli lider Heydər Əliyev demişdi.

Bu gün həmin qanlı tarixi yada salarkən bu ağır faciənin səbəbkarlarını lənətləyir, cinayətin dünyaya çatdırlması üçün mübarizə aparanları xatırlamağa çalışırıq.

1992-ci il fevralın 26-da erməni silahlı dəstələri sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda dəhşətli qətliam törədərək 600 –dən çox dinc sakini qətlə yetirdilər.

Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ötən 32 il ərzində Azərbaycan Xocalı soyqırımına qiymət verilməsini, qatillərin cəzalandırılmasını  özünün əsas prioritetlərindən biri hesab edib.

Bu soyqırımı Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin hər bir aspektində əsas yeri tutur. Böyük beynəlxalq tədbirlərdən tutumuş ikitərəfli görüşlərədək hər bir məqamda Bakı bu fəlakətin səbəbkarlarını xatırladır, onların qanun qarşısında cavab verməsini tələb edir. İctimai-siyasi müstəvinin fəal iştirakçısı olan hər bir qurum Xocalı soyqrımının tanıdılmasını özünün mənəvi borcu sayır.

Azərbaycan bu illərdə qanlı cinayətin dünyada tanınması, cinayətkarların cəzalandırılması üçün ardıcıl iş aparıb. Xocalı faciəsinin qurbanlarını bütün dünyaya nümayiş etdirən Bakı saxta humanizmlə maskalanan “əzabkeş” erməni millətçilərinin iç üzünü ifaş edir, bu fəlakətin qurbanlarına ədalət tələb edir.

Aparılan siyasət nəticəsində Xocalı soyqırımı bir çox beynəlxlaq təşkilatların gündəliyinə salınmış və bir sıra dövlətlər bunu hərbi cinayəti soyqırım aktı kimi tanıyıblar. Hazırda Xocalı Soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb. Faciəni qətliam kimi tanıyan ölkələrin sırasına Pakistan, Meksika, Kolumbiya,  Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, İordaniya, Cibuti daxildir.

1992-ci ilin fevralında dinc insanların amansızcasına qətlindən sarsılan Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətində Qarabağ və Xocalı soyqırımı qırmızı xətlə keçən bir məqam olub.

Hər il dünya birliynə ünvanladıqları müraciətdə Şeyxulislam və Azərbaycanın digər dini icmalarının rəhbərləri Xocalı soyqırımına görə məsuliyyəti olanları cəzalandırılmasına çağırır.

QMİ sədri Qarabağ münaqişəsinin ilk günlərindən qarşı tərəfin din xadimlərinə müraciət edərək nə qədər “qırmızı xətlər” keçilməyib xalqlar arasında bu davanı salan millətçilərin qarşısını almağa çağırmışdı.

QMİ sədri müsahibəsində Xocalı qətliamında onu ən çox sarsıdan qətlə yetirilmiş körpə uşağın fotosu olduğunu demişdi: “Heç yadımdan çıxmaz, Xocalıdan iki uşaq vardı qırmızı paltarda. Sanki kukla kimi donmuşdular…Bu fotonu heç vaxt unuda bilmirəm” –deyə Şeyxulislam vurğulamışdı.

Allahşükür Paşazadə hər il sosial şəbəkədə Xocalı ilə bağlı kampaniya apararaq bu soyqırımın acı tarixini bir daha xatırladır. Şeyxulislam rəsmi səhifəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif dillərdə paylaşımlar edir, faciə ilə bağlı tarixi fotoları təqdim edir.

Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi adlandıran QMİ sədri öz müraciətində Ermənistan Respublikasına qarşı Beynəlxalq Haaqa məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malik olduqlarını bildirib: “Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu bəşəri cinayəti törədənlər öz layiqli cəzalarını almalıdırlar. Robert Köçəryan, Serjik Sarkisyan, eləcə də Seyran Ohanyan və digər Xocalı qatilləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı Soyqırımını ilk olaraq tanıyıb. İslam Əməkdaşlıq Təşkilatı müstəqil Azərbaycanın qurulduğu ilk illərdən  Qarabağ münaqişəsinə, Xocalı soyqrımına, Azərbyacanın ərazi bütövlüyünün bərpasına böyük dəstək verib.

Hələ SSRİ-nin mövcud olduğu bir zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin təşəbbüsü ilə bu quruma daxil olan ölkəmiz bununla da müsəlman dünyasının böyük dəstəyini ala bilmişdi.

İƏT Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilatdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin qanının yerdə qoymadı.

Prezident İlham Əliyev 8 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində Xocalı soyqırımının qurbanlarını xatırladaraq onların qisasının alındığını bəyan etmişdi: “Bu gün bəyan edirəm ki, Xocalı qurbanlarının qanı yerdə qalmayıb”-dedi.

Dövlət başçısı “intiqamımızı döyüş meydanında aldıq! Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq”-xüsusi olaraq vurğuladı.

2023-cü ilin sentyabr hərbi əməliyyatından sonra isə Azərbaycan bayrağı Xocalıda, Xankəndidə – bütün Qarabağda vüqarla dalğalanır.

Soyqırım isə Azərbaycan tarixinin acı səhifəsi kimi daim yaddaşlarda qalacaq. Bizdən sonrakı nəsillər də daim bu qanlı hadisədə şəhid olmuş gühansız insanların əziz xatirəsini yad edəcəklər. Azərbaycanın Xocalıya Ədalət tələbi isə dünyaya kimin haqlı olduğunu bir daha xatırladır.

Aydın ABBASOV

 

Əvvəlki məqalə

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Sonrakı məqalə

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gizli səfər edib