Qubad İbadoğlu Baş Nazirə koronavirusla bağlı Qərar layihəsi təqdim etdi –

MƏTN
11 İyul 2020 - 22:02

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin və təminatının gücləndirilməsinə dair Qərar layihəsi hazırlayıb.

Azpost.info bildirir ki, bu layihəni Nazirlər Kabinetinə ünvanlayıb.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə dövlət qayğısının artırılması, onların sosial müdafisəinin və təminatının gücləndirilməsinə dair Qərar layihəsini təqdim edirəm.

Bəşəriyyətin mövcudluğunu təhdid edən koronavirus pandemiyası ilə mübarizədə səhiyyə işçiləri hazırda döyüşün ön sıralarında yerini almış əsgər və zabitləri xatırladırlar. Onlar bizim üçün öz sağlamlıqlarını, həyatlarını təhlükəyə ataraq gözəgörünməz düşmənlə savaşırlar. Ən çətini də odur ki, döyüşdən qalib çıxmaq müharibəni udmaq anlamına gəlmir, müharibə davam edir, koronavirus hər gün daha çox ərazini işğal etməyə, hər saat daha çox insan canını almağa müvəffəq olur. Nə qədər ağır olsa da, dünyasını dəyişənlər arasında bizim həyatımızı qurtarmaq üçün mücadilə verən səhiyyə işçiləri də var və çox təəssüf ki, bu qara siyahıya hər gün yeni adlar əlavə olunur.
İnsanlığın ən böyük sınaqlardan biri ilə üz-üzə qaldığı bu ağır günlərdə ölkəmizin fədakar tibb işçilərinə minnətdarlığım sonsuzdur. Ömrünü insanların sağlamlığının qorunmasına həsr eləmiş əziz həmvətənlilərim, bilməyinizi istərdim ki, bu minnətdarlıq sözlə ifadə oluna bilməyəcək qədər səmimi və ülvi hisslərdən qaynaqlanır. Odur ki, özümə borc bildim ki, səhiyyə işçilərinin rəşadətli əməyinə layiqli qiymətin verilməsi üçün yalnız təkliflər deyil, həm də onun icrasını tez bir zamanda təmin etmək üçün Nazirlər Kabinetinin müvafiq qərarını hazırlayım və baz nazirdən xahiş edirəm ki, bu sənədlər tanış olsun”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə dövlət qayğısının artırılması, onların sosial müdafisəinin və təminatının gücləndirilməsinə dair Qərar layihəsi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 27-ci, 31-ci, 38-ci və 41-ci maddələrinin 1-ci bəndlərini, 35-ci maddəsinin 6-cı bəndini, 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq mülkiyyət mənsubiyyətindən asılı olamayaraq bütün tibb müəssisələrində çalışan COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə və könüllülərə dövlət qayğısının artırılması məqəsdilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1-ci hissəsi ilə müəyyən edilmiş məbləğlərdə 2020-ci il iyulun 1-dən aşağıdakı dəyişikliklər ödənilsin.
    1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 6 misli məbləğində;
    1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 8 misli məbləğində;
    1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 10 misli məbləğində.
    2. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə 2020-ci il iyulun 1-dən aylıq 500 manat məbləğində mükafat ödənilsin.
    3. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edərkən virusa yoluxub, həyatını itirən səhiyyə işçilərinin ailəsinə 10 min manat, bu xəstəlikfən müalicə alan tibb personalına isə 5 min manat məbləğində birfədəlik yardım ödənilsin.
    4. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin həyat sığorta üçün tələb olunan sığorta haqqı pandemiya dövründə dövlət büdcəsi hesabına ödənilsin.
    5. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edərkən virusa yoluxub, həyatını itirən səhiyyə işçilərinin övladları dövlət ali məktəblərində təhsil haqqından azad olunsun, bu ödənişlər dövlət büdcəsi hesabına maliyyələşdirilsin.
    6. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edərkən virusa yoluxub, həyatını itirən səhiyyə işçilərinin ailəsinə mənzil verilsin.
    7. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edərkən virusa yoluxub, sağalan səhiyyə işçilərinin pensiya yaşı qadınlar üçün 57, kişilər üçün 60 yaşa endirilsin.
    8. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edərkən virusa yoluxub, həyatını itirən səhiyyə işçilərinin adını əbədiləşdirmək üçün Bakı şəhərinin mərkəzi parklarlarının birində xatirə lövhəsi quraşdırılsın və onların adı həmin lövhəyə həkk edilsin.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 2020-ci il