Quldurlar Bakıda evə basqın edib ev sahibini və oğlunu öldürdülər-Ailə üzvləri bıçaqlandı /YENİLƏNİB

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Zərərçəkənlərin qohumları deyib ki, hadisə ev sahibləri evdə olarkən baş verib. Həkimlərin bildirdiyinə görə, zərərçəkənlərin hamısı baş nahiyəsindən bıçaqlanıb.

 

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.

**

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri – 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Qeyd edək ki, yaralı ailə üzvləri APA-ya bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.

Əvvəlki məqalə

Niderland və Seneqal 1/8 finalda

Sonrakı məqalə

“Google və “Apple” interneti zəbt edib…”-