Rauf Arifoğlu Seçki Qərargahını elan etdi, tanınmış teleaparıcı vəkili oldu:

“Bu dairədə dostum olan namizəd yoxdur”
26 Dekabr 2019 - 23:44

Dekabr ayının 26-da “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoglunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Media Qrupunun əməkdaşları ilə yanaşı, Xətai rayon sakinləri də iştirak ediblər.

Musavat.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan Rauf Arifoğlu qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, namizədliyini irəli sürdüyü gündən etibarən seçki ilə bağlı ən çox müzakirə olunan məsələ məhz onun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd olmasıdır.

R.Arifoğlu vurğulayıb ki, bu dairədən namizədliyini irəli sürməsi təsadüfi deyil: “21 ildir ki, Xətai rayonunda yaşayıram. Rəhbərlik etdiyim media orqanı bu rayonun problemlərini illərdir ki, işıqlandırır, onların həllinə nail olur. Mən Xətai rayon sakiniyəm və bu dairədən namizədliyimi irəli sürürəm. Mənim namizədliyimi verdiyim dairədə dostum olan bir namizəd yoxdur. Digər tərəfdən bütün dostlar, qohumlar eyni dairədən namizədliyini verə bilərlər. Bu, demokratiyanın bir qaydasıdır. Digər dairələrdə də eyni düşərgədən olanlar, dost olanlar namizədliklərini irəli sürüblər. Ancaq heç biri müzakirə olunmur”.

R.Arifoğlu seçki qərargahının yaradılmasını elan edərək, qərargah sədrini təyin edib. Tanınmış yazar Çingiz Özgür Rauf Arifoğlunun seçki qərargahının sədri təyin olunub. Ç.Özgür söz alaraq, ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Daha sonra tanınmış teleaparıcı Turan İbrahimov Rauf Arifoğlunun vəkili elan olunub. O, məmnuniyyətlə bunu qəbul etdiyini qeyd edib.