“Rusiya Bakı və İrəvanın razılaşmasına imkan verməyəcək” –ZƏRDÜŞT ƏLİZADƏ

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü siyasi gündəmin əsas müzakirə mövzularından biridir. Siyasi analitiklər hesab edir ki, Brüssel görüşü Rusiyanın Qarabağla bağlı “masa”dan kənarlaşdırılması istiqamətində ilk addım hesab edilə bilər. Analitiklər son günlər Qarabağda separatçıların törətdiyi təxribatların əslində Rusiyanın Brüssel görüşünə cavabı kimi qiymətləndirir. Bu isə Avropa İttifaqı ilə Rusiyanın maraqlarının üst-üstə düşmədiyi qənaətini yaradır.

Mövzu ilə bağlı Azpost.info-ya danışan politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Rusiya proseslərin onun nəzarətindən çıxmasına imkan verməyəcək. “Mən düşünmürəm ki, Ermənistan və Azərbaycan sülh sazişinə Rusiyanın nüfuzunu aşağı salan hansısa maddələrin salınmasına razı olsun. Hesab edirəm ki, Rusiyanın bölgəyə nəzarəti qalacaq. Vəziyyəti yalnız və yalnız Ermənistanla Azərbaycanın birgə razılaşdırılmış və xalqlar tərəfindən dəstəklənən siyasəti dəyişə bilər. Amma bu xalqların da bir-birinə dərin inamsızlığı var. Həm də Rusiya buna imkan verməyəcək. Ona görə də Azərbaycan-Ermənistan işbirliyi istisna edilir”, – deyə politoloq bildirib.

Zərdüşt Əlizadənin fikrincə, Avropa proseslərin Rusiyanın nəzarətindən çıxarılmasına cəhd edə bilər. Lakin bunun baş tutması o qədər asan məsələ deyil: “Ona görə də düşünmürəm ki, Rusiyanın bölgəyə təsiri azalsın. Məhz Rusiya çalışır ki, münaqişə tərəfləri arasında düşmənçiliyi körükləsin. Rusiyanın Ermənistanda hərbi bazası, Azərbaycanda isə sülhməramlı qüvvələri var. Yəni, Rusiyanın münaqişəni körükləməsi üçün imkanları böyükdür”.

Azpost.info

Əvvəlki məqalə

“Adım qaçmağa meylli dustaq siyahısına salınıb” –

Sonrakı məqalə

“Putin məni dinləməyə bilər, amma Qərbi eşitməyə bilməz” –