Rusiya Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər şey edir- Rusiya XİN

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlar səbəbi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqlarda fəallığının azalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına münasibət bildirərkən deyib.

Zaxarova qeyd edib ki, Moskva Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər şeyi edir. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır.

Rusiyalı diplomatın sözlərinə görə, əgər son aylar ərzində Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə silsilə təmaslar baş veribsə, aktivliyin azalmasından söhbət gedə bilməz. Bu ilin 25 mayında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü, 2 iyunda Baş nazirlərin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilib. Həmçinin 3 ölkənin XİN rəhbərləri 19 may və 25 iyul tarixlərində üçtərəfli danışıqlar aparıb: “Bütün bunlar fəallığın azalmasıdır? Həqiqətləri olduğu kimi qəbul etmək lazımdır”.

Xatırladaq ki, ötən ayın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində Rusiyanın fəallığının azaldığını qeyd edib. Paşinyanın fikrincə, Bakı ilə danışıqlar prosesində son vaxtlar Qərb platformalarında görüşlər üstünlük təşkil edir.

Əvvəlki məqalə

Sosial şəbəkələrdə vətəndaşları kredit adı ilə talayan kiberdəstə saxlanılıb

Sonrakı məqalə

Putin Ramzan Kadırovun anasını “Şərəf” ordeni ilə təltif etdi