Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu günlərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı bəyanat verib. Patruşev deyib ki, Moskva Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün hər iki tərəflə əlaqədədir və hazırda sülh sazişi hazırlanır.
Rusiyanın yüksək ranqlı rəsmisinin sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ardıcıl səylər göstərilib.
Ekspertlər bildirirlər ki, Patruşevin sülhlə bağlı söylədikləri onu deməyə əsas verir ki, yaxın zamanlarda Rusiyanın vasitəçiliyi ilə sülh sazişinin imzalanması mümkündür. Amma Rusiya-Ermənistan münasibətlərinin hazırkı kritik məqamında prosesi İrəvanın pozması ehtimalı da çoxdur.
Milli Məclisin deputatı Sevil Mikayılova isə Azpost.info-ya şərhində bildirib ki, sülh müqaviləsinin imzalanması əslində texniki məsələdir: “Çünki artıq “Dağlıq Qarabağ münaqişəsi” adlı bir münaqişə yoxdur. Bu münaqişə artıq keçmişdə qalıb. Azərbaycan işğala son qoyub, belə bir fakt indi yoxdur. Bundan sonra sülh müqaviləsini imzalamaq lazımdır ki, gələcək addımları müəyyənləşdirmək mümkün olsun. Əlbəttə, sülh sazişi vacibdir. Regionun gələcək təhlükəsizliyi baxımından, dayanıqlı sülhün təmini baxımından müqaviləyə ehtiyac var”.
“Rusiyanın vasitəçiliyi ilə sülh sazişinin hazırlanmasına və Rusiya ərazisində imzalanmasına gəlincə, nəzərə almaq lazımdır ki, bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt olmadığı kimi, gərgindir. Biz bu münasibətlərin kökünə baxmalıyıq. Bu gün Rusiyanın dünyada rolunun kiçildilməsi, ona qarşı koalisiyanın yaradılmasının şahidi oluruq. Qərbin Rusiyaya qarşı strateji planına Ermənistan da daxil edilib. Ermənistan əslində Qərbə söz verib ki, Rusiyanı bölgədən sıxışdırıb çıxaracaq. İrəvandan Moskva əleyhinə verilən bəyanatlar da bu yöndədir. Amma Kreml təbii ki, buna müşahidəçi kimi baxa bilməz. Görünür, Rusiya tərəfindən Ermənistana mesaj verildi ki, İrəvan Qərbə meyillənsə də, sülh istəyirsə, o zaman vasitəçi Moskva olmalıdır. Düşünürəm ki, bu, Ermənistana siqnal idi”, – millət vəkili qeyd edib.
Xanım deputat vurğulayıb ki, sülh sazişinin kimin vasitəçiliyi ilə imzalanmasının – istər Qərbin, istər Rusiyanın vasitəçiliyi ilə olsun, Azərbaycan üçün fərqi yoxdur: “Rəsmi Bakının sülh sazişi ilə bağlı təklifləri var, mövqeyi var və bu mövqe açıq şəkildə İrəvana da, vasitəçilik etmək istəyən güclərə də bildirilib. Onu da deyim ki, Ermənistan bu təkliflərin əksəriyyətinin qəbul edildiyini rəsmi şəkildə açıqlayıb. Sülh sazişinin hansı şəhərdə imzalanması texniki xarakterlidir”.
Anar ABDULLA
Azpost.info